Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində regionda yeni əməkdaşlıq mühiti, kommunikasiya və nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açmış oldu.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbənin nəticəsi olaraq imzalanan 10 noyabr sazişində mühüm əhəmiyyət kəsb edən bəndlərdən biri də regionda kommunikasiya xəttlərinin açılması ilə bağlı oldu:
“Sazişdə nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması isə ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. İlk növbədə bu dəhliz Naxçıvanın 30 illik blokadasına son qoymuş olacaq və Naxçıvanla Azərbaycanın əsas hissəi arasında quruyolu təmin edəcək. Eyni zamanda bu dəhliz ölkəmizin beynəlxalq tranzit əhəmiyyətini artıracaq, ölkəmizi yeni beynəlxalq nəqliyyat qovşağına çevirəcək. Belə ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan vasitəsilə qardaş Türkiyədən Orta Asiyaya uzanan quruyolun təmin edilməsinə imkan verəcək. Həmçinin bu yol Türkiyə ilə Rusiya arasında yeni kommunikasiyanı təmin edəcək”.
A.Həsənova vurğulayıb ki, bu dəhliz eyni zamanda Azərbaycan vasitəsilə yük daşımalarının həcmçinin xeyli artmasına, o cümlədən Azərbaycanla Türkiyə arasında, Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Deputat vurğulayıb ki, Azərbaycan bu dəhlizin açılması üçün zəruri işləri həyata keçirir: “Zəngəzur dəhlizinin açılması üçün vacib olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli artıq qoyulub və tikinti işləri sürətlə davam edir. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə isə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır”.
A.Həsənova əlavə edib ki, Zəngəzur dəhlizi eyni zamanda Azərbaycanın ixrac imkanlarını xeyli artıracaq: “Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə çoxlu sayda istehsal sahələri yaradılacaq, çoxçeşidli məhsullar istehsal olunacaq, eyni zamanda kənd təsərrfüatı sahəsində, turizm sahəsində geniş potensial mövcuddur, yeni yaradılan yol-nəqliyyat infrastrukturu həm ölkəmizin ixrac imkanlarını artıracaq, həm də turistlərin ölkəmizə gəlməsini stimullaşdıracaq. Yeni nəqliyyat infrastrukturu eyni zamanda ölkə daxilində sərnişinlərin və yüklərin daşınmasını asanlaşdıracaq.
Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün həm böyük siyasi, həm də iqtisadi dividentlər gətirəcək. Bu dəhlizin açılması Azərbaycan üçün tarixi naliyyət olacaq”.