Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvlərinin Xorvatiya-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə onlayn
görüşü keçirilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Xorvatiya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül
Nurullayeva Azərbaycanla-Xorvatiya diplomatik münasibətlərinin
tarixindən söz açıb. Könül Nurullayeva iki dövlət arasında siyasi
dialoqun davamlı şəkildə aparılması məqsədilə dövlət və hökumət
rəhbərlərinin, rəsmi şəxslərin qarşılıqlı səfər və görüşlərinin
həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Ölkələrimizin
qarşılıqlı əlaqələrinin möhkəmlənməsində parlamentlərarası
münasibətlərin rolundan bəhs edən deputat parlamentlərdə qarşılıqlı
dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi
töhfələrə toxunub.
Çıxışında Könül Nurullayeva 44 günlük Vətən müharibəsində
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının təxminən 30 il əvvəl qəbul
etdiyi 4 qətnaməni öz gücü ilə icra etdiyini diqqətə çatdırıb və
savaş başa çatandan dərhal sonra Azərbaycanın Ermənistana sülh
təklif etdiyini bildirib. Qeyd edib ki, sülh sazişi bölgədə
dayanıqlı inkişafın və əməkdaşlığın möhkəmlənməsi üçün
vacibdir.
Könül Nurullayevə məlumat verib ki, parlamentlərarası əlaqələr
üzrə işçi qrupları arasında əməkdaşlığın səmərəliliyinin
artırılması məqsədilə Fəaliyyət Planı hazırlanıb.
Sonra Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq
qrupunun rəhbəri Maya Qrba-Buyeviç çıxış edib. O, pandemiya
dövründə Zaqrebdə baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi
köməyə görə təşəkkürünü bildirib. Maya Qrba-Buyeviç ikitərəfli
münasibətlərin inkişaf perspektivlərinə toxunub, parlamentlərarası
qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.
Sonra Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və
Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxış ediblər.
Səfirlər ikitərəfli münasibətlərin inkişafında parlamentlərin
rolunu vurğulayıblar, təqdim olunan Fəaliyyət Planını yüksək
dəyərləndiriblər və bu işdə deputatları dəstəkləməyə hazır
olduqlarını açıqlayıblar.
Görüşdə Milli Məclisin deputatları iki ölkə arasında münasibətlərin
inkişafı ilə bağlı qeyd və təkliflərini bildiriblər.
Milli Məclisin deputatları Vahid Əhmədov, Qüdrət Həsənquliyev,
İltizam Yusifov, Vüqar İsgəndərov və Anar Məmmədov iki ölkə
arasında turizm, əczaçılıq, kənd təsərrüfatı, sənaye, İKT, elm,
mədəniyyət, energetika sahələrində əməkdaşlığın perspektivləri
barədə fikirlərini bölüşüblər.
Xorvatiya tərəfdən iştirak edən Xorvatiya-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri İvan
Çeliç, Erik Fabiyaniç, Barbara Antolik Vupora da çıxış edərək
Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişafı
istiqamətləri ilə bağlı fikirlərini açıqlayıblar.
Görüşün sonunda Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva tədbir iştirakçılarına
dəyərli fikirlərinə görə təşəkkür edib. O, ölkələrimiz arasında
münasibətlərin bundan sonra da inkişaf edəcəyinə, parlamentlərimiz
arasındakı əlaqələrin qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə
öz töhfəsini verəcəyinə inamını bildirib.