Xəbər - Çingiz Səfərli – Trend:
Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasında səfərdədir.
Mədəniyyət Nazirliyindən AzerTimes-a verilən məlumata görə, oktyabrın 26-da iclasdan əvvəl Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, mədəniyyət naziri Anar Kərimov və Komissiyanın Xorvatiya tərəfinin həmsədri, iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric arasında təkbətək görüşü keçirilib, Azərbaycan-Xorvatiya əməkdaşlıq perspektivlərinə dair müzakirələr, Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Sonra mədəniyyət naziri Anar Kərimov və iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricin həmsədrliyi ilə Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilib. İclasda Xarici İşlər, İqtisadiyyat, Səhiyyə, Mədəniyyət, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman nazirlikləri, Azərbaycanın Xorvatiyadakı Səfirliyi, Ələt azad iqtisadi zonası, Dövlət Neft Şirkəti, Qida Təhlükəsizliyi və Turizm agentlikləri, Milli Elmlər Akademiyasının rəsmiləri iştirak edib.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasındakı münasibətlərdə bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib.
Anar Kərimov Azərbaycan və Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayan nazir bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib, ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün yüksək potensialın olduğunu vurğulayıb.
Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparıldığını qeyd edib. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma prosesi çərçivəsində Xorvatiyanın minatəmizləmə sahəsində ölkəmizə göstərdiyi dəstəyi vurğulayan nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və işbirliyinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib, növbəti mərhələlərdə enerji və İT sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini bildirib.
İclasda dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) kampaniyası barədə məlumat verilib. Qlobal kampaniyanın əsas məqsədinin müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına orada sülhün yaradılması vasitəsilə nail oluna biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsi olduğu vurğulanıb.
İclasda iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri, həyata keçirilən birgə layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Sonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Xorvatiya birgə hökumətlərarası komissiyasının ikinci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri – A.Kərimov və T.Coric imzalayıblar.
Sənəddə iqtisadi, sənaye, enerji, nəqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.
İclasdan sonra media nümayəndələri üçün brifinq keçirilib, iclasda aparılan müzakirələrin, imzalanan sənədin gələcək əməkdaşlıq, birgə fəaliyyətlər üçün istiqamətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, media nümayəndələrinin sorğuları cavablandırılıb.
Twitter: @cingizsafarli