Azərbaycan və Uruqvay XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr olub (FOTO)

11 may 2022-ci il tarixində Uruqvayın paytaxtı Montivideo
şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə
Uruqvay Xarici İşlər Nazirliyi arasında növbəti (ikinci) siyasi
məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nümayəndə
heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini
Elnur Məmmədov, Uruqvay tərəfindən isə bu ölkənin xarici işlər
nazirinin müavini Karolina Açe Batye rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud
vəziyyəti, habelə siyasi, iqtisadi, kənd təsərrüfatı, nəqliyyat,
enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi müzakirə edilib.

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə
yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə
aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən
həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı
tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən
beynəlxalq nəqliyyat dəhlizlərinin Uzaq Şərq-Orta Asiya-Avropa
arasında ticarət əlaqələrinin artırılması baxımından əhəmiyyətini
diqqətə çatdırıb.

Tərəflər, həmçinin regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir
mübadiləsi aparıblar.

Həmin gün xarici işlər nazirinin müavini Elnur Məmmədov Uruqvay
Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr
komissiyasının Uruqvay – Azərbaycan dostluq qrupunun üzvləri ilə
görüşüb.

Görüş zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi,
ikitərəfli əməkdaşlığın inkişafı, Cənubi Qafqaz regionunda gedən
proseslər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Teqlər: