Ukrayna ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi çərçivəsində biz nəinki ticarət etməyi, həmçinin ortaq istehsalat müəssisələri yaratmağı planlaşdırırıq.
AzerTimes-ın məlumatına görə, bunu Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) dəstəyi ilə təşkil olunmuş Ukrayna-Azərbaycan İşgüzar Şurasının birgə iclasında bildirib.
Onun sözlərinə görə, pandemiya şəraitində işgüzar münasibətlərin fəal inkişafı xüsusilə vacibdir: “Ölkələrimiz arasında işgüzar şuranın yaradılması ölkələrimizin başçıları tərəfindən iqtisadi əlaqələrin inkişafı üçün qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsidir. Yalnız böyük biznesin deyil, orta və kiçik biznesin də qoşulması vacibdir. Bu günkü vəzifəmiz gənc şirkətləri ölkələrimizin beynəlxalq əməkdaşlığına cəlb etmək və onu fəal şəkildə aparmaqdır”.
G.Çijikov qeyd edib ki, Azərbaycanla Ukrayna arasında mövcud ticarət dövriyyə (təqribən 800 milyon dollar) dostluq münasibətləri səviyyəsinə uyğun gəlmir: “Qardaş münasibətlərimiz və ticari-iqtisadi əlaqələrimizlə daha çox şeyə nail ola bilərik. Bu istiqamdə fəal iş görməkdə maraqlıyıq. Bir-birimizlə yalnız ticarət etməyi deyil, həm də maşınqayırma, informasiya texnologiyaları və bir sıra digər sahələrdə ortaq istehsalat müəssisələri yaratmağı planlaşdırırıq”.
O, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq göstəricilərinin milyonlardan milyardlara keçməsinin və bu rəqəmin hər il artırılmalısının vacibliyini vurğulayıb.”Ölkələrimiz bunu etməyə qadirdir”, – G.Çijikov əlavə edib.
Xatırladaq ki, iyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında Saziş imzalanıb. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.