Xəbər - Elnur Bağışov – Trend:
Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər.
AzerTimes-ın məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi yerli televiziya kanallarına açıqlamasında deyib.
İ.Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb:
“Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”, – deyə İran prezidenti bildirib.
İ.Rəisi qeyd edib ki, İranın limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.
Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.