Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir – Hikmət Hacıyev

2021-ci il Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və
əhəmiyyətli il olub. Çünki İstanbul Sammitində təşkilatımız məhz
Türk Dövlətləri Təşkilatı adı altında təsis edildi. Həmin Sammitdə
“Türk dünyasına baxış 2040” sənədi qəbul edildi ki, burada digər
sahələrdə olduğu kimi, media və informasiya sahəsində də
ölkələrimiz arasında əməkdaşlıqla qarşıya çox ciddi vəzifələr və
tapşırıqlar qoyuldu.

AzerTimes-ın məlumatına görə, bu
fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının
(TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək
vəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı
bildirib.

Media sahəsi üzrə birgə işlərin daha sistemli və koordinasiyalı
şəkildə aparılması üçün təşkilat daxilində yaradılan qrupun üzv
ölkələr arasında birgə fəaliyyətin təkmilləşdirilməsinə dəstək
verəcəyini vurğulayan H.Hacıyev deyib ki, xüsusilə 2019-cu ildə VII
Bakı Sammitində liderlərimiz tərəfindən qəbul edilən qərarlarla
media, televiziya kimi sahələr üzrə əməkdaşlıq qarşımıza məqsəd
kimi qoyulub. Türk dünyası olaraq bugünkü toplantıda çox mühüm
məsələləri müzakirə etdik.

Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiyi üçün Türkiyə
dövlətinə minnətdarlığını bildirən Prezidentin köməkçisi keçən il
keçirilən media forumunu xatırladaraq, o görüşün ölkələrimiz
arasında media sahəsi üzrə təkcə rəhbər şəxslərin görüşü deyil,
eyni zamanda, qurumlar arasında əməkdaşlıq baxımından da səmərəli
olduğunu bildirib.

Liderlərimiz tərəfindən qarşımıza qoyulan məqsədlərin, sadəcə,
əməkdaşlığa deyil, xalqlarımızın mənəvi yaxınlaşmasına da töhfə
verdiyini deyən Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan
dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam
etdiyini deyib.

“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi
hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində
biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə
qaldıq.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və türk mediasının
birgə fəaliyyəti, birgə səylər sayəsində haqq və ədaləti dünyaya
çatdırmağa nail olduq”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Teqlər: