Azərbaycan və Türkiyənin sosial sahədə əməkdaşlıq əlaqələri genişlənəcək (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Türkiyənin qardaşlığa, xalqların sarsılmaz birliyinə söykənən əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. O, ikitərəfli əlaqələrin sabit və uzunmüddətli inkişafında Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə və ardıcıl səylərinin xüsusi rolunu vurğulayıb.

Nazir bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərlə başa çatdırdığı, torpaqlarımızı Ermənistanın işğalından azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycana daim siyasi və mənəvi dəstək göstərdi. Qardaşlıq nümunəsi olan bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

İki ölkə arasında əlaqələrin əmək, məşğulluq və sosial müdafiə sahəsində də getdikcə genişləndiyini deyən S.Babayev bu məqsədlə ötən dövrdə 5 əməkdaşlıq sənədi imzalandığını, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair daha 2 əməkdaşlıq sənədi layihəsinin müzakirədə olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətini qeyd edib. Ekspertlər səviyyəsində təcrübə və bilik mübadilələrinin əhəmiyyətini, Türkiyənin təşkilatları və QHT-ləri ilə fəal əməkdaşlıq təcrübəsini vurğulayıb.
Nümayəndə heyətinə ölkəmizdə son illərdə aparılan sosial islahatlar barədə məlumat verilib. Sosial ödənişlərin ciddi şəkildə artırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Postmüharibə dövründə həyata keçirilən, şəhid ailələri və qazilərlə bağlı artıq 31 mindən çox insanı əhatə edən sosial dəstək tədbirləri qeyd edilib. Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərdən bəhs olunub.

Dövlət sosial xidmətlərinin innovativ yeniliklər, müasir texnologiyalar üzərində, proaktiv qaydada qurularaq təkmilləşdirilməsi sahəsində əldə olunan nailiyyətlər qeyd edilib.
Nazirlik üzrə 105 xidmətin tam elektronlaşdırıldığı, təkcə bu ilin 9 ayında əhaliyə 20 milyon elektron xidmət göstərildiyi bildirilib. DOST konsepsiyası, sosial sahədə 155 xidmətin vahid pəncərədən təqdim edildiyi DOST Mərkəzləri barədə məlumat verilib.
Aparılan sosial islahatlar prosesində qardaş Türkiyənin aidiyyəti qurumları ilə fəal əməkdaşlığın qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyi vurğulanıb.

V.Bilgin Türkiyə üçün dost və qardaş ölkə olan Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu qeyd edib. Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin, öz torpaqlarını Ermənistanın işğalından azad etməsinin Türkiyə xalqında da sonsuz sevinc və iftixar yaratdığını bildirib. Türkiyədə aparılan sosial islahatları, əldə olunan sosial uğurları diqqətə çatdıran V.Bilgin rəhbərlik etdiyi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu bildirib.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə, həmçinin şəhid ailələri və qazilərin sosial müdafiəsi, dəstəklə əhatə olunması, DOST konsepsiyası, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya, sosial sahədə innovativ yeniliklərin tətbiqi sahələrində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. Əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi, Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkili və s. məsələlər müzakirə olunub.

Sonra S.Babayev və V.Bilgin görüşün nəticələrinə dair brifinq keçiriblər.

Teqlər: