Azərbaycanda səfər edən Türkiyə Respublikasının Milli Mina
Fəaliyyət Mərkəzinin (MAFAM) rəhbəri general Mehmet Zeki Erenin
başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar
Süleymanov ilə görüşüb.
ANAMA-dan AzerTimes-a verilən
məlumata görə, görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq
üzrə danışıqlar aparılıb və hər iki qurum tərəfindən “Partlayıcı
Sursatların Təhlükəsinə dair Maarifləndirmə” proqramı çərçivəsində
icra edilən fəaliyyətə dair təcrübə mübadiləsinin aparılması
müzakirə edilib. Həmçinin qeyri-texniki tədqiqat təliminin
keçirilməsi, İnformasiyanın İdarə edilməsi (IMSMA) və Coğrafi
İnformasiya Sistemlərinin (CİS) istifadəsinin təkmilləşdirilməsi
istiqamətində fikir mübadiləsi aparılıb.
MAFAM rəhbəri Azərbaycanda həyata keçirilən genişmiqyaslı
minatəmizləmə əməliyyatlarının Agentlik tərəfindən
əlaqələndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə ilə humanitar minatəmizləmə fəaliyyətləri
çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yaxın zamanda
ANAMA və MAFAM arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə
tutulur.