Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuzun birgə iştirakı ilə martın 4-də ABŞ-dakı Pakistan icmasının rəhbərlərilə onlayn görüş keçirilib.
Baş konsulluqdan AzerTimes-a verilən məlumata görə, görüşdə çıxış edən baş konsul N.Ağayev Vətən Müharibəsi dövründə qardaş Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsinə verdiyi hərtərəfli siyasi dəstəyə görə minnətdar olduğumuzu, bu mübarizəmizin nəticəsində 30 illik qanunsuz işğaldan sonra Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.
Diplomat həm müharibə, həm də ondan sonrakı dövrdə ABŞ-ın Pakistan icmasının xüsusilə Los Ancelesdə Azərbaycana tam dəstəyini nümayiş etdirdiyini qeyd edərək, icma rəhbərlərinə təşəkkürünü bildirib. Pakistan icması ilə son illərdə sıx dostluq münasibətlərinin qurulmasından bəhs edən N.Ağayev bu prosesin məhz Los Ancelesdə başladığını və Azərbaycan, Pakistan və Türkiyə Baş Konsulluqlarının səylərilə, keçirilən birgə tədbirlərlə hər üç icma arasında da yaxın münasibətlərin yarandığını vurğulayıb.
N.Ağayev Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edərək, bunun bir daha bu ekstremist lobbi qruplarının əsl xislətini nümayiş etdirdiyini diqqətə çatdırıb. Baş konsul bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinin davam etməsində maraqlı olan erməni lobbisi yalnız özü haqda düşünür və buna görə də bu lobbi təşkilatları regionda sülhün bərqərar olmasında əsla maraqlı deyil. Çünki Ermənistanın öz qonşuları ilə normal münasibətlərinin yaranacağı təqdirdə erməni lobbi təşkilatlarının ianə toplamaq və diasporu radikal ideologiya ətrafında səfərbər etmək imkanları da azalacaq. Təsadüfi deyil ki, 10 noyabr razılaşmasından sonra erməni lobbisi bu razılaşmanın pozulması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının qarşısının alınması və yeni müharibənin alovlanması üçün dəridən-qabıqdan çıxır.
Erməni lobbisinin Pakistana qarşı bu məkrli hücumları başlayan kimi Baş Konsulluğun bu hücumları dərhal pislədiyini və Pakistan icması ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən N.Ağayev, qardaş Azərbaycan, Türkiyə və Pakistan icmaları arasında sıx münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra çıxış edən Türkiyənin baş konsulu C.Oğuz üç ölkə arasında tarixi qardaşlıq və əməkdaşlıq münasibətlərinə diqqət çəkib. O, Türkiyənin Vətən Müharibəsi dövründə Azərbaycana siyasi dəstəyinin iki ölkə arasındakı sarsılmaz əlaqələrə, eləcə də beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslandığını qeyd edib.
C.Oğuz çıxışında qardaş Pakistanın Azərbaycana qəti dəstəyini alqışladıqlarını bildirərək, Kaliforniyada Azərbaycan və Türkiyəni hədəf alan erməni lobbisinin artıq Pakistan icmasına qarşı hücuma keçdiyini təəssüflə bildirib. O, Kaliforniyadakı siyasətçilərin qərəzli yanaşmadan çəkinərək, Türkiyə, Azərbaycan və Pakistan icmalarının da fikir və narahatlıqlarını dinləməsinin və nəzərə almasının zəruriliyini vurğulayıb.
Sonra çıxış edən Pakistan icma rəhbərləri daim qardaş Azərbaycan və Türkiyənin yanında olduqlarını qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük məmnunluq hissi keçirdiklərini və bunun regionda davamlı sülhə yol açacağına inandıqlarını bildiriblər.
Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu və nüfuzu durmadan artır.