Azərbaycan və Türkiyənin ədliyyə akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Dost və qardaş Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri tərəfindən sıx əməkdaşlıq edilir, nümayəndə heyətlərinin müntəzəm səfərləri və birgə tədbirlər keçirilir, səmərəli hüquqi yardım göstərilir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemir rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Səfər zamanı qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
Sonra nümayəndə heyəti Ədliyyə Akademiyasında olub, qarşılıqlı fəaliyyətə dair müzakirələr aparılıb, hüquqşünasların təliminə, tədris proqramlarına, müasir İKT-lər tətbiq olunmaqla videokonfrans formatında distant treninqin keçirilməsinə, o cümlədən Elektron Tədris Platformasına dair təqdimatlar keçirilib.

Tədbirdən sonra iki ölkənin ədliyyə akademiyaları arasında hakimlər, prokurorlar və hakimliyə namizədlərin tədrisi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum hüquqşünasların ixtisaslarının artırılmasını, birgə tədris proqramlarının həyata keçirilməsini, simpozium, təlim, seminar və digər tədris tədbirlərinin və təcrübi səfərlərin təşkilini, onların pandemiya şəraitinə uyğun bilavasitə və ya videokonfrans formatında keçirilməsini nəzərdə tutur.

İyulun 5-də nümayəndə heyəti ilə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun görüşü keçirilib.
Ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirən nazir dostluq və qardaşlıq münasibətlərimizin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi ilə uğurla inkişaf etdiyini, bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi rolunu vurğulayıb, 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqının, qardaş ölkənin bütün yüksək rəsmi şəxslərinin, o cümlədən ədliyyə naziri Abdulhamit Gülün mənəvi və siyasi dəstəyini qeyd edib.

F.Məmmədov ötən ay Türkiyə Prezidentinin Şuşaya səfərini, Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə əlaqələrimizin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb, müstəsna siyasi və tarixi əhəmiyyətə malik olan bu mühüm sənədin müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açdığını söyləyib. Bildirib ki, Şuşa Bəyannaməsi rəhbər tutularaq yenicə imzalanmış Anlaşma Memorandumu ədliyyə sahəsində ilk sənəd olmaqla əlaqələrimizin dərinləşməsinə xidmət edir.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq özünü doğma Vətənindəki kimi hiss etdiyini, qədim köklərə malik olan xalqlarımızın bir-biri ilə yaxşı anlaşdığını və dəstəklədiyini qeyd edib, Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsi ilə bir daha tarixi zirvəyə çatdığını vurğulayıb. M.Özdemir Vətən müharibəsində Azərbaycanın qələbəsindən çox şad olduğunu bildirərək iki qardaş ölkənin birlikdə zəfərlərə bundan sonra da imza atacağına əminliyini söyləyib.

Görüşdə məhkəmə-hüquq islahatları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda hakimlərin şəffaf seçiminə toxunularaq, onların tədrisində qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi, o cümlədən hakimliyə namizədlərin Türkiyədə təlimlər keçməsi məmnunluqla qeyd edilib. Qonaq hüquqi əlaqələrə böyük önəm verərək bu sahədə daha sıx qarşılıqlı fəaliyyət göstərməyə hazır olduğunu bildirib, yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün faydasını vurğulayıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş xüsusi stendlərlə tanış olublar.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı iştirak edib.

Səfər çərçivəsində həmçinin, qonaqların rəsmi görüşləri, müasir məhkəmə infrastrukturu, o cümlədən yeni istifadəyə verilmiş Suraxanı Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sistemi, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi ASAN mərkəzinin fəaliyyəti, eyni zamanda Heydər Əliyev Mərkəzi, Vətən müharibəsində xalqımızın Böyük Qələbəsinin və ordumuzun qəhrəmanlığının təcəssümü olan Hərbi Qənimətlər Parkı, eləcə də paytaxtın mədəni və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulur.

Teqlər: