Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi ilə bütün ölkələrə geniş əməkdaşlıq imkanı yaradır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son 4 ayda ikinci dəfə Qarabağa səfəri Azərbaycan və qardaş ölkənin təşəbbüsü ilə regionda yeni geosiyasi reallıqların yarandığını bir daha təsdiq etdi. Ötən səfər zamanı Şuşa bəyannaməsinin imzalanması və ardınca qısa müddətdə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxaql Hava Limanının istifadəyə verilməsi və Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi olan Zəngəzur dəhlizinin əsasının qoyulması regionun siyasi və iqtisadi xəritəsini dəyişən mühüm addımların gerçəyə çevrildiyini göstərir.

Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, ən müasir tələblərə cavab verən Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir:

“Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Prezidentlər – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması ilə son 100 ilin ən mühüm tarixi-siyasi hadisəsi olan Zəngəzur dəhlizinin açılması da həlledici mərhələyə qədəm qoydu. Zəngəzur dəhlizi Horadizdən başlayaraq İstabula qədər uzanacaq. Uzunluğu toplam 3610 metr olan bu yolun əhəmiyyətli hissəsi inşa edilib, hazırda Zəngilan ərazisində tunel və yol qovşaqlarının tikintisi davam edir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir. Ümumilikdə yol qovşaqları çoxşaxəli olmaqla Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən beynəlxalq magistralla birləşəcək.

Onu da qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarını tamamilə əhatə edəcək bu yol qovşaqları beynəlxalq əhəmiyyətli tranzit magistrallarının ən rentabelli və logistika şəbəkələrinin əhatə olunduğu sistemə çevriləcək. Bu da Azərbaycanın Qarabağ regionunda ümumiyyətlə indiyədək heç vaxt mövcud olmayan çoxşaxəli magistral yolların yaradılması deməkdir. Qarabağ zonasında heç vaxt 4-6 zolaqlı avtomobil yolu olmayıb və beynəlxalq tipli nəqliyyat infrastrukturlarının yaradılması bir daha Zəngəzur dəhlizinin strateji və siyasi-iqtisadi əhəmiyyətini artırmış olur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq.

Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Zəngəzur dəhlizi dostluq və faydalı birgə əməkdaşlıq qapısı olmaqla bütün iştirakçıların üzünə açıqdır”.

Teqlər: