Azərbaycan və Türkiyə Şuşada yeni tarix yazır

Şuşa türk mədəniyyətinin beşiyidir və təkcə Azərbaycanla Türkiyə üçün deyil, həm də bütün türk xalqları üçün vacibdir. Şuşa şəhərinin azad eduilməsi bütün islam dünyası üçün də vacibdir, çünki son 100 il ərzində müsəlman xalqlarının tarixində bu cür əhəmiyyətli hadisə baş verməyib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqları azad etməklə Azərbaycan erməni ordusunun məğlubedilməzliyi barədə bütün stereotipləri məhv etdi.

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır və bu gün əsil sahiblərinin azad etdiyi Şuşaya səfər edəcək.

Əlamətdardır ki, Prezident Ərdoğan bu müddət ərzində ilk dəfə Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcək. Türkiyəli rəsmi şəxslərin Azərbaycana gəlməsi yeni hadisə deyil, amma Türkiyə Prezidentinin qardaş ölkəyə bu səfəri xüsusi əhəmiyyət daşıyır.

Bu, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Bakıdan kənarda keçirilən çox az sayda görüşlərindən biridir. Ərdoğanın türk mədəniyyətinin beşiyi Şuşaya bugünkü səfərinin vacibliyi həm də türkiyəli Prezidentin səfər ərəfəsində dediyi kimi vacib sənədin imzalanmasındadır.

Ölkəmizin müstəqillik əldə etməsindən etibarən Türkiyə ilə Azərbaycanın münasibətlərinin inkişaf tarixinə baxsaq, bunun daim genişləndiyini və dərinləşdiyini görərik. Şuşada vacib sənədin imzalanması Azərbaycan və Türkiyənin bu gün yazdığı yeni tarixin başlanğıcı olacaq.

Rufiz Hafizoğlu

Trend BİA-nın baş redaktoru

Teqlər: