Xəbər - Zeyni Cəfərov – Trend:
Azərbaycan və Türkiyə rəqəmsal ticarətdə əməkdaşlığın hüquqi çərçivəsini yaratmağı hədəfləyir.
Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunda deyilir
Sənəddə qeyd olunur ki, iki ölkə bərabərlik, açıqlıq, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında əməkdaşlıq etməyə və işləməyə razılaşırlar.
Memorandumun ikinci bəndində bildirilir ki, tərəflər rəqəmsal ticarətin vəziyyətinin qiymətləndirilməsi ilə bağlı birgə araşdırmalar aparacaq və hesabatlar hazırlayacaq. Bundan başqa, bu mövzuda elmi seminarlar, görüş və treninqlər təşkil olunacaq.
Memorandumda göstərilir ki, Azərbaycanla Türkiyə arasında ikitərəfli ticarətin müəyyən seqmentlərində innovativ həllər üzrə pilot layihələr hazırlanaraq reallaşdırılacaq.
Bundan başqa, iki ölkə arasında videokonfrans və elektron yazışmalar formatında təcrübə mübadiləsi, dövlət və özəl sektorun dialoqunun qurulması nəzərdə tutulur.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib. Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)