Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.
Sonra “TurAz Şahini – 2021” birgə təlimlərinin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib. Brifinqdən sonra Azərbaycan və Türkiyə Respublikalarının Müdafiə nazirləri çıxış ediblər.
General-polkovnik Z.Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri dövlət başçılarımızın rəhbərliyi ilə uğurla davam etdirilir.
Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.
Vətən müharibəsində də qardaş Türkiyənin mənəvi dəstəyini xüsusi vurğulayan Müdafiə naziri Türkiyə tərəfinə minnətdarlığını bildirib.
Nazir həmçinin birgə təlimlərin hərbi pilotların bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini vurğulayıb.
Sonra Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar çıxış edərək birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. İkitərəfli hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən cənab H.Akar bu təlimlərin hərbçilərimizin təcrübə qazanması üçün çox vacib olduğunu, iki ölkə arasındakı hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.
Hər iki nazir təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıq və bacarıq nümayiş etdirildiyini, həmçinin qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini yüksək qiymətləndirərək iştirakçılara xidmətdə daha böyük uğurlar arzulayıblar.
Sonda qonaqlar təlimlərin praktiki hissəsini izləyiblər.