Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəldilər (FOTO)

Aprelin 12-də Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava
Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət
Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin
rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC və DHMI-nin nümayəndə
heyətləri arasında görüş keçirilib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, görüşdə hava məkanından istifadə və regionda
aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata
keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya
ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli
istifadə sahəsində beynəlxalq tələbləri birgə həyata keçirməyə
imkan yaradacaqdır.

Bu əməkdaşlıq iki qardaş dövlətin uçuşların təhlükəsizliyinin
təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin
yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi
sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir.

Türkiyə Azərbaycanın həmçinin mülki aviasiya sahəsində strateji
tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və
Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm
rol oynayır. Bu hava dəhlizi həmçinin “Bir kəmər bir yol” qlobal
nəqliyyat layihəsinin davamıdır.

Son onillik ərzində Azərbaycanın inkişaf etmiş yerüstü və hava
nəqliyyatına malik olan tranzit dövlət kimi rolu xeyli artmışdır.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
dəstəyi və müdrik siyasəti nəticəsində mümkün olmuş və uğurla
həyata keçirilmişdir. Azərbaycan və Türkiyə Prezidentləri İlham
Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq
hava limanının açılışı iki qardaş ölkə arasında hava nəqliyyatının
və hava hərəkətinin inkişafının əhəmiyyətini və vacibliyini
göstərən daha bir parlaq sübutdur.

Xatırladaq ki, 2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya
xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə
uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan Muxtar
Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava
dəhlizinin açılışı olmuşdur. Həmin marşrutla həmsərhəd dövlətlərin
hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava
əlaqəsi yaradılmışdır.

Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq
reyslərin həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə
hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfə
olmuşdur.

Teqlər: