Azərbaycan və Türkiyə arasında səhiyyə üzrə “Yol Xəritəsi” imzalanıb (FOTO)

Səhiyyə naziri Teymur Musayevlə türkiyəli həmkarı Fahrettin Koca
“Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə
Yol Xəritəsi”ni imzalayıblar.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Yol
Xəritəsi”nin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini
vurğulayan qardaş ölkələrinin səhiyyə nazirləri imzalanan sənədin
Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol
oynayacağını diqqətə çatdırıblar.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının səhiyyə naziri
Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə
Respublikasına iki günlük səfəri başlayıb. Səfər çərçivəsində
Türkiyənin Səhiyyə Nazirliyində nümayəndə heyəti ilə görüş
keçirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri,
səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli
fikir mübadiləsi aparılıb.

Teqlər: