Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə fotosərgi keçirilib (FOTO)

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə yanvarın 14-də Xarici İşlər Nazirliyində fotosərgi keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə əvvəlcə qardaş ölkələrin Dövlət himnləri səsləndirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov sərginin açılışında çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından dərhal sonra ilk diplomatik əlaqələr məhz Türkiyə ilə qurulub. Bu əlaqələr hər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə keçirib.

Diqqətə çatdırılıb ki, diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə xarici işlər nazirləri arasında qarşılıqlı olaraq təbrik məktubları göndərilib: “Türkiyə ən çətin dövrlərdə Azərbaycan ilə birlikdə olub. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bütün dünyaya örnəkdir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarları qardaşlığımızın mənəvi-ideoloji əsasını təşkil edir”.

Qeyd olunub ki, Azərbaycanın və Türkiyənin bu uğurlu müttəfiqliyi regionda müsbət dəyişikliklərin əsasını təşkil edir. Qardaş ölkələrimizin siyasi rəhbərləri hər iki xalqın istək, arzu və hədəflərinə xüsusi həssaslıq göstərirlər. Bu istiqamətdə həyata keçirilən siyasət ölkələrimizə fayda verməkdədir.

Nazir müavini çıxışında Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana qardaşlıq dəstəyi göstərdiyini, hər zaman yanımızda olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan bunu heç vaxt unutmayacaq. Vətən müharibəsində qazanılan şanlı Zəfər təkcə Azərbaycanın yox, bütün Türk dünyasının Qələbəsidir. Müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bölgədə Türkiyənin mövcudluğu gücümüzə güc qatır. Tarixi Şuşa Bəyannaməsinin imzalanması müttəfiqliyimizi daha yüksək səviyyəyə qaldırıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ölkəsinin tarix boyu azərbaycanlı qardaşlarına dəstək olmağa çalışdığını bildirib: “Çanaqqala döyüşündə azərbaycanlı qardaşlarımız bizə kömək edib, fədakarlıq göstəriblər. Nuru Paşa da Azərbaycanın çətin anlarında qardaşlarımızın köməyinə gəlib. Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi. Biz bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birimizin yanındayıq. Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin zirvəsi oldu. Münasibətlərimizin inkişafı getdikcə dərinləşməkdədir. Biz birlikdə bir çox layihələrə imza atmışıq və bunu davam etdirəcəyik”.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən tarixi sənədlərə və fotolara baxıblar.

Teqlər: