Azərbaycan və Türkiyə arasında aeronaviqasiya sahəsində mühüm saziş imzalanıb (FOTO)

Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri
arasında kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini
əhatə edən mühüm saziş imzalanıb.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, qeyd edilən sənəd 27 may tarixində “Azərbaycan Hava
Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS)
və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMI) arasında
imzalanıb.

Tərəflər sazişi imzalayan zaman iki təşkilatın aeronaviqasiya
strategiyasının inkişafı sahəsində peşəkar qarşılıqlı
əməkdaşlığının yüksək səviyyədə olduğunu, eləcə də qardaş ölkələr –
Azərbaycan və Türkiyə arasında sıx dostluq münasibətlərinin
olduğunu qeyd ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətini idarəetmə
qülləsini ziyarət edən DHMİ Şurasının sədri və baş direktor Hüseyn
Keskinin rəhbərlik etdiyi nümayəndə heyətinə AZANS-ın tətbiq etdiyi
müasir texnologiyalar barədə məlumat verilib.

Qonaqlar, həmçinin, “TEKNOFEST Azerbaijan” Festivalı
çərçivəsində Azərbaycanın paytaxtında keçirilən aviaşou zamanı
uçuşların idarə edilməsi prosesi ilə tanış olublar.

DHMI-nin fəaliyyət sahəsinə Türkiyə hava limanlarının idarə
edilməsi, eləcə də Türkiyə hava məkanının tənzimlənməsi və nəzarət
edilməsi daxildir.

Teqlər: