Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Ahmed Jama ilə görüşüb.
Bu barədə AzerTimes-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı nazir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı, alternativ enerji, habelə təhsil-humanitar sahədə tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğunu bildiriblər.
Bununla yanaşı, cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.