Azərbaycan və Rusiya Xəzər regionu ilə Uzaq Şərq arasında daşımaların fəallaşdırılmasını müzakirə edir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“Rusiya Dəmir Yolları” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC Uzaq Şərqlə Xəzəryanı region arasında dəniz daşımalarının fəallaşdırılması imkanlarını müzakirə edir.

Bunu AzerTimes-a rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev deyib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin nəqliyyat kommunikasiyaları çoxdan formalaşıb. Bu regionun Fars körfəzi ölkələrinə çıxışı üçün Şimal-Cənub nəqliyyat marşrutu xüsusi əhəmiyyət daşıyır.

Politoloqun fikrincə, bu sahədə daha bir perspektiv istiqamət Rusiyanın Uzaq Şərq regionudur: “Bu istiqamət üzrə “Rusiya Dəmir Yolları” ilə “Azərbaycan Dəmir Yolları” arasında müzakirələr aparılır. Uzaq Şərq bəzən Cənubi və Şimali Qafqazda yetişdirilən məhsulların çatışmazlığını hiss edir. Müvafiq razılaşmanın əldə olunması Uzaq Şərqə konteyner qatarlarının yola salınması imkanını yaradacaq. Əks istiqamətdə isə Qafqaza dəniz məhsulları daşına bilər”.


Ekspert əlavə edib ki, bu gün Xəzəryanı ölkələrin bütün limanları multimodal funksionallığa malikdir və yük daşımalarını həm avtomobil, həm də dəmiryol nəqliyyatı ilə təmin edə bilər.

(Tərcümə: Orxan Nəbiyev)