Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin Sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfəri çərçivəsində aprelin 15-də Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) Sədri Talant Mamıtovla görüşüb.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin Sədri görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət töfhə verir. O, qeyd edib ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Görüşdə məlumat verilib ki, bu gün Azərbaycanda müxtəlif siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir. Böyük transmilli layihələr, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin, o cümlədən, tərəfdaş dövlətlərin inkişafına mühüm imkanlar yaradır. Eyni zamanda, Böyük İpək Yolunun bərpası həm Azərbaycan, həm də bu strateji yolun üzərində yerləşən ölkələr üçün çox böyük əhəmiyyətə malikdir.

İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qruplarının rolunu qeyd edib, beynəlxalq parlament təşkilatlarında uğurla həyata keçirilən əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, Joqorku Keneş Milli Məclisin Əməkdaşlıq Memorandumu imzaladığı parlamentlərdən biridir.

Söhbət zamanı S.Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın BMT-nin qətnamələrini icra edərək öz torpaqlarını işğaldan azad etdiyini söyləyərək, hazırda münaqişənin geridə qaldığını və ölkəmiz üçün yeni bir mərhələnin – quruculuq və yenidənqurma dövrünün başladığını qeyd edib.

Qırğızıstan parlamentinin Sədri Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu münasibətlərin dərinləşməsi üçün yaxşı şərait olduğunu söyləyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın mütəmadi görüşləri, müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir.

O, Azərbaycanın qlobal pandemiya – koronavirusa qarşı mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Talant Mamıtov daha sonra Qırğızıstanda keçirilən referendumun nəticələri haqqında məlumat verərək, bu referendumun ölkəsinin gələcək inkişaf tarixində mühüm rol oynayacağını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Teqlər: