Azərbaycan və Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib – Kamaləddin Qafarov

Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də
Qırğızıstan Respublikasıdır. Aprelin 20-də Qırğızıstan
Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri
çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də
ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş
imkanları olduğunu deməyə əsas verir. O cümlədən hər iki ölkənin
Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və
Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı.
Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə
heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr
arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını
bildirdilər. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan
münasibətləri həqiqətən də artıq keyfiyyətcə yeni bir səviyyəyə
çatıb.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov
deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Qırğızıstan dövlətləri
arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və
Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi
əhəmiyyət kəsb edən tarixi sənədlərdir:

“Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda
Azərbaycan və Qırğızıstan arasında imzalanmış sənədlərdən bəhs
edərək onların əhəmiyyətini xüsusi vurğuladı. Məlumdur ki, iki ölkə
arasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək
səviyyəsidir. Məhz buna görə də Azərbaycan və Qırğızıstan
dövlətləri arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin
imzalanması belə böyük əhəmiyyət kəsb edir. Dövlət başçımızın da
dediyi kimi, bu sənəd ölkələrimiz arasında münasibətlərin
xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək.
Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun
imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm
ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq
problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə
ediləcək. Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan
arasında münasibətlərin formatını müəyyən edən amillərdən biri də
ölkələrimizin bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq
bir-birilərini dəstəkləməsidir. Qoşulmama Hərəkatında Azərbaycanın
sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli
dəstək vermişdi. Bundan başqa BMT, ATƏT, İslam Əməkdaşlıq
Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində bu iki
dövlət hər zaman bir-birini dəstəkləyir. Əlbəttə ki, ölkələrarası
münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr
tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin
hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb.
Dövlət başçılarının gəldikləri yekdil qənaət bu olub ki,
ölkələrimiz arasında mövcud olan əmtəə dövriyyəsinin hazırkı
səviyyəsi qənaətbəxş hesab oluna bilməz.Təbii ki, aparılan
müzakirələrdə nəqliyyat infrastrukturu mövzusu da diqqət mərkəzində
olmuşdur. Danışıqlarda Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli
fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin birləşdirilməsilə
bağlı məsələlər ətraflı müzakirə olunub”, – deyə K.Qafarov qeyd
edib.

Milli Məclisin deputatı bildirib ki, bu sahədə artıq kifayət
qədər təcrübə toplamış Azərbaycan şirkətləri üçün Qırğızıstan
iqtisadiyyatının enerji sektoru böyük maraq kəsb edə bilər:

“Son bir neçə ildə Azərbaycan şirkətləri müasir enerji
müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik
elektrik stansiyalarının yaradılmasında böyük təcrübə əldə ediblər.
Əlbəttə ki, bu istiqamətdə də səylərin birləşdirilməsi və
Azərbaycanın investisiya potensialının Qırğızıstana yönəldilməsi
qarşılıqlı faydalı ola bilər. – deyə Kamaləddin Qafarov fikirlərini
sona çatdırıb.

Teqlər: