Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb (FOTO)

Aprelin 18-də Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev
Qazaxıstan Həmkarlar İttifaqları
Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri
Həmkarlar İttifaqının sədri (QETİHİ) Aygül
Mukaşeva
nın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən,
həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında mövcud olan
əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində
görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri sosial,
siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf
etməkdədir.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK
sədri deyib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar
ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial
siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün
çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab
verir.

S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları
Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın
hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün
müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması,
sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması
sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl
və məqsədyönlü iş aparır.

S.Möhbalıyev həmçinin Azərbaycanın uğurlu təhsil siyasətindən də
bəhs edib: “Dövlətimizin iqtisadi imkanlarının artması təhsil
sahəsinə də öz təsirini göstərir. Azərbaycanda təhsilin inkişafı bu
sahədə çalışan insanların sosial-rifah halının yüksəldilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Demək
olar ki, hər il təhsil sahəsində çalışan insanların əməkhaqları
artırılır. Bu ilin yanvarın 1-dən Azərbaycanda təhsil sahəsində
işləyənlərin əməkhaqları 20 faiz artırılıb ki, bu da təhsil
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan
addımlardan biridir”.

Səmimi qəbula görə, təşəkkür edən QETİHİ sədri Aygül Mukaşeva
Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı
məlumat verib. O, Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları
arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, qarşılıqlı
səfərlər təşkil edildiyini, təcrübə və fikir mübadilələrinin
aparıldığını deyib. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı
üçün gələcəkdə də səylə çalışılacaq.

Daha sonra tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi ilə Qazaxıstan Elm və Təhsil İşçiləri
Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri
imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi,
əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və
möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində dövlət
siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun
artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının
təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin
mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi,
elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılmasında
həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərini
birləşdirməsi, fəaliyyətlərini əlaqələndirilməsi və s. kimi
məsələlər öz əksini tapıb.

Sonda S.Möhbalıyev və A.Mukaşeva jurnalistlərin suallarını
cavablandırıb, imzalan sənədin mahiyyəti və əhəmiyyətini
açıqlayıblar.

Teqlər: