“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstan nümayəndə heyəti
ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat, logistika və
tranzit potensialını, eləcə də dəmir yolları şəbəkəsinin
genişləndirilməsi və yenidənqurulması istiqamətində görülən işlərlə
bağlı təqdimat edilib. Qonaqlar dəmir yollarının müxtəlif
sahələrində aparılan irimiqyaslı layihələri əks etdirən videoçarxla
tanış olublar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkənin
polad magistralında həyata keçirilən islahatlar, Qarabağda
başlanılan quruculuq işləri çərçivəsində bərpa edilən dəmir yolu
xətləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan geosiyasi
mövqeyindən istifadə edərək, əsas nəqliyyat “hab”ına çevrilir.
QSC-dən AzerTimes-a verilən məlumata görə, nümayəndə heyətinin
rəhbəri, Qazaxıstan Respublikasının Prezident Administrasiyası
rəhbərinin müavini, Qazaxıstan Respublikası Prezidentinin
beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan
Azərbaycana səfərləri çərçivəsində müxtəlif mövzularda
müzakirələrdə iştirak etdiklərini bildirib. Qonaq Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutunun gələcək inkişafı, bu dəhliz
vasitəsilə daşımaların optimallaşdırılması, multimodal daşımaların
çevik və sürətli həyat keçirilməsinin vacibliyini vurğulayıb. O
deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Qazaxıstan
vasitəsilə Türkiyəyə və Avropaya, həmçinin əks istiqamətdə yüklərin
çatdırılma müddətini və məsafəsini qısaltmağa imkan verir.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin
sədri Nurlan Sauranbayev hər iki ölkənin nəqliyyat-tranzit
imkanları, eləcə də dəmir yolları ilə yükdaşımaların müsbət
dinamikasına diqqət çəkib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni
tranzit imkanlarına yol açır. Qazaxıstan bütün sahələrdə olduğu
kimi nəqliyyat sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Görüş iştirakçıları beynəlxalq marşrutların fəaliyyətinin
gücləndirilməsi və həmin dəhlizlər üzrə daşımaların həcminin,
tranzit potensialının artırılması istiqamətində görülən işlər
haqqında fikir mübadiləsi aparıblar. Görüşdə “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”
QSC-nin nümayəndələri müxtəlif mövzular ətrafında müzakirələr
ediblər.