Azərbaycan və Paraqvay XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan
Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 10
may 2022-ci il tarixində Paraqvayın xarici işlər naziri Xulio
Ariola ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə, görüşdə
ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib,
Azərbaycan -Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi
vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd
təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi
üçün mövcud imkanlar müzakirə edilib.

Azərbaycan tərəfi Paraqvayın ölkəmizin ərazi bütövlüyünün və
suverenliyi ardıcıl və davamlı şəkildə dəstəklədiyini görə təşəkkür
ifadə edib.

Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq
təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran
regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.

10 may 2022-ci il tarixində Paraqvayın paytaxtı Asunsyon
şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə
Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə
olaraq siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur
Məmmədov, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin
müavini Raul Rikyardi rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi
məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti,
habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar
sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini
müzakirə ediblər.

Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir
mübadiləsi aparıblar.

Teqlər: