Xəbər - Natavan Rzayeva – Trend:
Özbəkistan qarşıdakı beş il ərzində gəliri orta göstəricidən
yuxarı olan ölkələr sırasına girmək niyyətindədir.
Bunu Özbəkistanın Azərbaycandakı Səfiri Bahrom Aşrafxanov Trend
BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə
müsahibəsi zamanı deyib.
Səfirin sözlərinə görə, 2022-2026-cı illər üçün Yeni
Özbəkistanın İnkişaf Strategiyası yüksək orta gəlirli ölkələr
sırasına girmək üçün möhkəm zəmin yaratmağa yönəlmiş bir çox
tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
B.Aşrafxanov qeyd edib ki, strategiya növbəti beş il ərzində
həyata keçirilməli olan yeddi əsas sahədən ibarətdir.
Səfir bildirib ki, bu strategiya iqtisadiyyatın bütün
sahələrində gələcək genişmiqyaslı islahatlar və dəyişikliklər üçün
zəmin olacaq.
Onun sözlərinə görə, strategiyada iqtisadiyyatın daha da
liberallaşdırılması, əksər sahələrdə özəlləşdirmə, qiymətlərin
sabitləşdirilməsi, böyük həcmdə xarici investisiyaların cəlb
edilməsi, inhisarçılığın ləğvi, təşviq və inkişaf kimi prioritetlər
müəyyən edilib.
“Bu strategiyada nəzərdə tutulan məqsədlərin inkişafı üçün
xarici tərəfdaşlarla əməkdaşlığa əsas diqqət yetirilir”, – deyə
Səfir bildirib.
Eyni zamanda Səfir Azərbaycanla əlaqələrin inkişaf etdiyini də
vurğulayıb. Özbəkistan və Azərbaycan ikitərəfli ticarətin həcmini
çoxqat artırmaq üzərində işləyirlər.
“İkitərəfli ticarətin həcmini çoxqat artırmaq üçün bütün lazımi
imkanlarımız var”, – deyə Aşrafxanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan əməkdaşlıq
əlaqələrinin artırılması üçün lazımi addımları atırlar: “Son beş
ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən altı dəfə
artmışdır. 2021-ci ilin sonunda bu göstərici 2020-ci illə
müqayisədə 142 faiz artıb”.
Səfir vurğulayıb ki, hətta koronavirus pandemiyası şəraitində də
Özbəkistan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq
inkişaf etməyə meyllidir.
“Razılaşmaları genişləndirmək məqsədilə qarşılıqlı təmaslarınvə
əlaqələrin davamlılığını təmin etmək üçün yeni mexanizmlər
axtarırdıq. Hətta pandemiya dövründə biz videokonfrans şəklində
yeni görüşlər, B2G, B2C formatında onlayn biznes forumlar keçirdik.
Amma biz əsasən B2B formatında görüşlər keçirməyə çalışdıq.
Ölkələrimiz bu cür görüşlərin ildə iki-üç dəfə olmaqla daimi
şəkildə keçirilməsi üçün əllərindən gələni edirdilər. Belə görüşlər
öz bəhrəsini verdiyi üçün onların tezliyini artırmağa çalışırıq”, –
deyə Səfir bildirib.
B.Aşrafxanov qeyd edib ki, Özbəkistan-Azərbaycan İşgüzar Şurası
və Regionlararası Forum kimi mövcud əməkdaşlıq platformalarına
əlavə olaraq, Azərbaycan və Özbəkistan bütün sahələrdə ikitərəfli
münasibətləri təmin etmək üçün yeni platformalar axtarırlar.
Səfir bildirib ki, Özbəkistan şirkətinin iştirakı ilə yaradılan
Azərbaycanın “Azərmaş” zavodu 2022-ci ildə ildə ən azı 5 min
avtomobil istehsal etmək niyyətindədir.
Onun sözlərinə görə, zavodun növbəti addımı “Chevrolet”in
Azərbaycanda nomenklatura və model portfelinin genişləndirilməsi,
həmçinin yaxın gələcəkdə istehsal həcminin tədricən artırılması
olacaq.
“Keçən ilin sentyabrında Hacıqabulda artıq həmin ay “Chevrolet” “Nexia” və “Cobalt” avtomobillərinin yığılmasına başlanan yeni
avtomobil zavodunun istifadəyə verilməsinin şahidi olduq.
İstifadəyə verildikdən iki ay sonra – 2021-ci ilin dekabrında zavod
istehsalını genişləndirdi və “Chevrolet” “Damas”, “Labo”, “Malibu”, “Tracker” və “Lacetti” kimi modellərin yığılmasına başladı.
Bu əməkdaşlıq əlaqələrinin nəticələrini görən ölkələrimiz yeni
sahələr vasitəsilə əlaqələri genişləndirməyi planlaşdırır. Biz
tekstil, ipəkçilik, dəri-ayaqqabı və elektrotexnika sənayesini belə
perspektivli sənayelər hesab edirik”, – deyə Səfir bildirib.