Daşkənddə Özbəkistan və Azərbaycan dəmir yolları qurumları
rəhbərlərinin görüşü olub.Görüşdə “Özbəkistan Dəmir Yolları” SC ilə
“Azərbaycan Dəmir Yolları” QSC arasında ikitərəfli əməkdaşlığın
inkişafına dair məsələlər müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AzerTimes-a verilən məlumata görə, tərəflər
“Asiya-Sakit okean ölkələri – Çin – Qırğızıstan – Özbəkistan –
Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa”
beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan səmərəli
və faydalı fəaliyyətə diqqət çəkərək, iki ölkənin dəmir yolları
qurumları arasında texniki və texnoloji yardım məsələlərini də
nəzərdən keçiriblər. Bura infrastrukturun və hərəkət tərkibinin
saxlanılması, təmiri üçün texniki və texnoloji yardımın
göstərilməsi, Azərbaycan və Özbəkistan ərazisindən həyata keçirilən
yükdaşımaların həcminin artırılması daxildir. Görüş iştirakçıları
mövcud vəziyyətlə əlaqədar beynəlxalq və multimodal nəqliyyat
dəhlizlərinin qarşılıqlı fəaliyyətinin davam etdirilməsinin
zəruriliyini vurğulayıblar. Bildirilib ki, tərəflərin
əlaqələndirilmiş və qarşılıqlı fəaliyyəti yükdaşımaların canlanması
və həcminin artırılmasına, konteyner qatarlarının keçidinin
sürətləndirilməsinə və kombinə edilmiş yükdaşımaların təşkilinə
imkan yaradır.
Tədbir çərçivəsində daşıma həcminin artırılması, eləcə də
ikitərəfli məsələlərin həlli məqsədilə dəmir yolu rəhbərlərinin
başçılıq etdiyi İşçi qrup yaradılıb.Tərəflər İşçi qrupun növbəti
iclasının aprelin sonunda Bakıda keçirilməsi barədə razılığa
gəliblər.