15 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi
arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin
müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici
İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van
der Plas rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı 2022-ci ilin aprel ayında Azərbaycan və
Niderland arasında diplomatik əlaqələrin yaradılmasının 30
illiyinin qeyd olunacağı, bu müddət ərzidnə ölkələrimiz arasında
münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni,
humanitar sahələrdə inkişaf etdiyi bildirilib. Həmçinin, iki ölkə
arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq
perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticari-
iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu
qeyd edilib.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi
məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu
xüsusda, siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı
olduqlarını ifadə ediblər.
X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli
bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət,
işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada
həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı
məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər
məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni
zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində X.Xələfov Niderland Krallığı Senatının xarici
məsələlər, müdafiə və inkişafa yardım üzrə daimi komitəsinin sədri
Ernest Bastiaan von Apeldoorn ilə görüş keçirmiş və iki ölkə
arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr
aparmışdır.