Ölkəmizin Malayziyadakı Səfirliyi Malayziya Aqrar Tədqiqatlar və İnkişaf İnstitutunun (MARDI) nümayəndə heyətilə görüş keçirib. Səfirliyimizin təşəbbüsü ilə may ayının 21-də təşkil olunmuş görüş zamanı Azərbaycan və Malayziya arasında çəltik sənayesi üzrə qarşılıqlı təcrübə mübadiləsi, o cümlədən kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanın Malayziyadakı Səfirliyindən AzerTimes-a bildirilib ki, diplomatik nümayəndəliyimizin Kuala Lumpurda yerləşən inzibati binasında təşkil olunmuş görüşdə səfir Qaley Allahverdiyev qonaq nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” barədə danışıb, bu sahədə ölkəmizin mütərəqqi təcrübələrə malik xarici ölkələrlə əməkdaşlığa marağını ifadə edib. Çəltik bitkisinin ərzaq təhlükəsizliyində xüsusi yer tutduğunu qeyd edən səfir Q.Allahverdiyev çəltikçilik sahəsində ölkəmizin müəyyən ənənəvi təcrübəsinin olduğunu, bu səpkidə tarixən Azərbaycanda bir sıra sortların becərildiyini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti tərəfindən sözügedən dövlət proqramı çərçivəsində ölkədə çəltik sənayesinin inkişaf etdirilməsinin, çəltik məhsuldarlığının artırılmasının, əhalinin düyüyə olan tələbatın tam ödənilməsinin və düyü ixracının təşviq edilməsinin, habelə çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların öyrənilməsinin və tətbiq edilməsinin əsas məqsədlər kimi müəyyənləşdirildiyini vurğulayıb. Səfir Q.Allahverdiyev dövrümüzdə Malayziyanın çəltikçilik üzrə qabaqcıl ölkələrdən biri kimi tanındığını qeyd edərək, bu sahə ilə bağlı Azərbaycan və Malayziya arasında əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu söyləyib.
Malayziya nümayəndə heyətinə başçılıq edən MADRİ-nin baş direktoru Mohamad Roff Noor Azərbaycan ilə çəltikçilik sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdən məmnunluğunu bildirərək, ildə təqribən 2.6 milyon ton çəltik istehsalı ilə Malayziyanın özünəməxsus əkinçilik və toxumçuluq təcrübələri qazandığını, öz növbəsində rəhbərlik etdiyi institutun dünyanın müxtəlif qitələrindən bir sıra ölkələrlə uğurlu mübadilə proqramları həyata keçirdiyini nəzərə çatdırıb. O, həmçinin iki ölkənin bu sahə üzrə məsul qurumları və mütəxəssislərinin birgə iştirakı ilə yaxın gələcəkdə Azərbaycanda da çəltikçiliyin inkişafına töhfə verməyə maraqlı olduqlarını vurğulayıb.
Nümayəndə heyətinin tərkibində iştirak edən aqrar elmlər doktoru Dr. Mohd Syaifudin isə Azərbaycanın meyvəçilik və tərəvəzçilik sahəsində nailiyyətlərinin Malayziya üçün səmərəli təcrübə olduğunu, gələcəkdə iki ölkə arasında müxtəlif istiqamətlərdə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə çoxsaylı müştərək layihələrin mümkünlüyünü qeyd edib.
Görüşdən sonra qonaq nümayəndə heyəti səfirlik binasında Azərbaycanın kənd təsərrüfatı məhsullarından nümunələri nümayiş etdirən guşə ilə tanış olub.
Qeyd edək ki, 1969-cu ildə təsis edilən Malayziya Aqrar Tədqiqatlar və İnkişaf İnstitutu -MARDI sözügedən ölkənin Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərir. MARDİ Malayziyada kənd təsərrüfatının inkişafı siyasəti çərçivəsində bu sahəyə elmi, texnoloji və iqtisadi sahələr üzrə tədqiqatlar vasitəsilə dəstək vermək, habelə kadr potensialını gücləndirmək məqsədilə hökumət tərəfindən təsis edilmişdir.