Xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi
nümayəndə heyətinin Riqaya səfəri çərçivəsində Latviya Xarici İşlər
Nazirliyinin dövlət katibinin müavini, siyasi direktor Andceys
Vilumsons, Latviya Prezidentinin Müşavirlərinin Ofisinin rəhbəri,
Prezidentin mədəni məsələlər üzrə müşaviri Sarmite Elerte və
nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının
latviyalı həmsədri Talis Linkaits ilə görüşlər keçirib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, 21 aprel tarixində Azərbaycan və Latviya arasında
strateji dialoqun birinci iclası keçirilib. İclasa Azərbaycan
Respublikası nümayəndə heyətinə xarici işlər nazirinin müavini
Xələf Xələfov, Latviya Respublikası nümayəndə heyətinə isə Xarici
İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktor
Andceys Vilumsons rəhbərlik edib. Görüş zamanı iki ölkə arasında
ilk dəfə təşkil edilən strateji dialoqun birinci iclasının xüsusi
əhəmiyyəti vurğulanıb. Bu il 2017-ci ildə iki ölkə arasında
imzalanan “Strateji Tərəfdaşlığın Yaradılması Haqqında birgə
Bəyannamə”nin beşilliyinin tamam olduğu və strateji tərəfdaşlığın
yeni hədəflərinin müəyyənləşdirilməsinin və ikitərəfli gündəliyin
keyfiyyətcə daha da zənginləşdirməsi istiqamətində sıx dialoqun
keçirilməsinin vacib əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Azərbaycan Respublikası və Latviya Respublikası Prezidentlərinin
qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərimizin inkişafında
müstəsna rolu qeyd edilib.
X.Xələfov 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni
reallıqlar, üçtərəfli bəyanatların tam yerinə yetirilməsi ilə bağlı
vəziyyət, Azərbaycanın iki ölkə arasında münasibətlərin
normallaşması ilə bağlı mövqeyi, bütün nəqliyyat və
kommunikasiyaların açılması məsələsi, işğaldan azad olunmuş
ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və
yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Həmçinin, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı
olduğu vurğulanıb və Avropa İttifaqının enerji təhlükəsizliyinin
təmin edilməsində oynadığı rol xüsusi qeyd edilib. Avropa İttifaqı
ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanların
olduğu ifadə edilib. Bildirilib ki, Azərbaycan ilə Avropa İttifaqı
arasında imzalanması nəzərdə tutulan hərtərəfli tərəfdaşlıq
haqqında saziş qarşılıqlı əlaqələrin yeni səviyyəyə çatdırılmasına
şərait yaradacaqdır.
Tərəflər, Azərbaycan Respublikası Hökuməti və Latviya
Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni
əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin
əhəmiyyətini qeyd edib, həmçinin ikitərəfli strateji tərəfdaşlığın
gündəliyində duran aktual mövzuları, xüsusən siyasi, iqtisadi,
ticari, nəqliyyat, humanitar sahələrdə əməkdaşlığın
genişləndirilməsi məsələləri ilə yanaşı, çoxtərəfli formatda,
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də
Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti
Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi
Qrupunun üzvləri ilə görüşüb və tərəflər Azərbaycanla Latviya
arasında əməkdaşlığın həyata keçirilməsində parlamentlərarası
dialoqun əhəmiyyətini qeyd ediblər.