Azərbaycan və Koreya XİN başçıları arasında məktub mübadiləsi aparılıb

23 mart 2022-ci il tarixində Azərbaycan Respublikası və Koreya
Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyi münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Koreya Respublikasının xarici işlər naziri Chung
Eui-yong arasında məktub mübadiləsi baş tutub.

Nazir Ceyhun Bayramov məktubunda iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasının müstəqillik illərimizdə uğurla inkişaf
edən ikitərəfli münasibətlərin əsasının qoyulmasına şərait
yaratdığını bildirib. Hazırda iki ölkə arasında siyasi, iqtisadi,
mədəni, habelə humanitar sahələrdə əməkdaşlığın genişləndiyini qeyd
edən nazir, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də
uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib. Ceyhun Bayramov, bir
çox Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif
sahələrində, o cümlədən infrastruktur və tikinti layihələrində yer
aldıqlarını qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra bir
sıra Koreya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpa və
quruculuq prosesində iştirak üçün dəvət olunmasının ölkələrimiz
arasında qarşılıqlı etimad və anlaşmanın təzahürü olduğunu ifadə
edib.

Nazir Chung Eui-yong, məktubunda son 30 ildə ölkələrimiz
arasında qarşılıqlı anlaşma və dərin hörmət prinsipləri əsasında
qurulmuş ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni
sahələr də daxil olmaqla, bütün sahələrdə inkişafının davamlı
olduğunu qeyd edib. Nazir, növbəti illərdə də Azərbaycanla
çalışaraq iki ölkə arasında tərəfdaşlığı daha da inkişaf etdirərək
əlaqələrimizi şaxələndirəcəyimizə ümid etdiyini bildirib.

Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh,
əmin-amanlıq və rifah arzu ediblər.

Teqlər: