Azərbaycan və İsveç XİN rəhbərləri arasında məktub mübadiləsi baş tutub

8 may 2022-ci il tarixində Azərbaycan Respublikası və İsveç
Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi
münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde
arasında məktub mübadiləsi baş tutub.

XİNd-ən AzerTimes-a bildirilib ki, nazir Ceyhun Bayramov məktubunda
iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümü münasibətilə bu ilin 19 may tarixində Stokholmda yerləşən
Nobel mükafatı Muzeyində təşkil olunacaq mədəni tədbirin
ölkələrimiz arasında körpü rolunu oynayan Bakıdakı Nobel irsi
baxımından rəmzi əhəmiyyət kəsb etdiyini bildirib. Nazir, bu illər
ərzində Azərbaycan və İsveç arasında iqtisadi və mədəni sahələrdə
əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. İsveçin
növbəti il Aİ Şurasında uğurla sədrlik edəcəyinə inandığımız və bu
xüsusda, İsveçin həmtəsisçilərindən biri kimi Şərq Tərəfdaşlığı
çərçivəsində həyata keçirəcəyi fəaliyyətinə töhfə verməyə hazır
olduğumuz bildirilib.

Nazir Ann Linde, məktubunda iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu
bildirib və fürsətdən istifadə edərək Azərbaycan və İsveç arasında
mövcud dostluq və əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.
Ann Linde, bundan sonra da iki ölkə arasında mövcud xoş
münasibətlər və əməkdaşlığın davam etdirilməsini arzu edib.

Nazirlər səmimi təbriklərini çatdırıb və ölkələrimiz arasında
dostluq və əməkdaşlığın bundan sonra da inkişafını arzu
ediblər.

Teqlər: