Azərbaycan və İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Qərbi Azərbaycan əyalətində birgə antiterror təlimləri keçiriblər.
AzerTimes Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Ordusunun Quru Qoşunları komandanının müavini, general-mayor Kərim Çeşak məlumat verib.
“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əldə olunmuş razılaşmalara əsasən, terrorçu qruplar tərəfindən təhlükə altında olan Araz çayı bəndinin təhlükəsizliyini təmin etmək məqsədilə Qərbi Azərbaycan əyalətində xüsusi təyinatlılar batalyonunun iştirakı ilə bir günlük antiterror təlimi keçirilib”, – o bildirib.
General-mayor qeyd edib ki, təlim pilotsuz uçuş aparatları və helikopterlərin iştirakı ilə kəşfiyyat əməliyyatı, sərhəd patrul əməliyyatları, pusquların təşkili, artilleriya və hava zərbələrinin tətbiqi ilə bağlı dörd mərhələdən ibarət olub.
“Bu manevrlərin həyata keçirilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsinə və regionda təhlükəsizliyin təmin olunmasına kömək edir”, – o əlavə edib.
Xatırladaq ki, mayın 19-da İran və Azərbaycan Prezidentləri İbrahim Rəisi və İlham Əliyevin iştirakı ilə İran-Azərbaycan sərhədində Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız-Qalası” su elektrik kompleksləri istifadəyə verilib.