Azərbaycan və İran arasında yeni tranzit imkanları yaranacaq – İran XİN

Xəbər - Elnur Bağışov – Trend:

Lazımı infrastruktur qurularsa, Azərbaycan və İran arasında
tranzit sahəsində yeni imkanlar yaranacaq.

AzerTimes-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin
sözçüsü Səid Xətibzadə Tehranda keçirilən mətbuat konfransında
deyib.

S.Xətibzadənin sözlərinə görə, ötən bir neçə ay ərzində iki ölkə
arasında əlaqələr daha da intensivləşib. “Nəticədə birgə
komissiyanın iclası təşkil olunub və sənəd imzalanıb”, – nazirlik
rəsmisi əlavə edib.

O əlavə edib ki, ötən 30 il ərzində Azərbaycan vətəndaşları
Naxçıvan gedib-gəlmək üçün Biləsuvar sərhəd-keçid məntəqəsindən
keçməklə İran ərazisindən istifadə edirdilər: “Müharibə başa
çatdıqdan sonra daha yaxın məntəqədən istifadə etməklə İran
ərazisindən keçmək məsələsi irəli sürülüb”.

Qeyd edək ki, martın 11-də Bakıda Azərbaycan ilə İran arasında
iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının
15-ci iclası keçirilib. Komissiyanın iclasından sonra Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında
İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan
Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar
Respublikası arasında yeni kommunikasiya bağlantılarının
yaradılması haqqında Anlaşma Memorandumu və bir sıra digər sənədlər
imzalanıb.

Teqlər: