Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında
kommunikasiya bağlantılarının yaradılması ilə bağlı anlaşma
memorandumun icrası istiqamətində Azərbaycan və İran arasında işlər
davam etdirilir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli
Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Ə.Əlizadənin sözlərinə görə, bu yaxınlarda Azərbaycan və İranın
birgə işçi qrupları səviyyəsində hər iki tərəfdə, yəni həm Naxçıvan
tərəfində, həm də Şərqi Zəngəzur iqtisadi rayonu tərəfində
tikiləcək körpülərin layihələndirilməsi ilə bağlı görüşün
keçirilməsi nəzərdə tutulub.
Səfir qeyd edib ki, körpülərin layihələri təsdiqləndikdən sonra
lazımi addımlar atılacaq.
Qeyd edək ki, 2022-ci il martın 11-də Bakı şəhərində Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında
İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan
Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar
Respublikası arasında yeni kommunikasiya bağlantılarının
yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.