Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament
nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində aprelin
19-da iki ölkənin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları
üzvlərinin görüşü keçirilib.

Gürcüstan Parlamentinin sədr müavini, Azərbaycanla
parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze
həmkarlarını ölkəsində salamlayaraq, belə görüşlərin keçirilməsinin
əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O,
iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu
deyərək, xalqlarımızın tarix boyu mehriban əlaqələrindən bəhs
edib.

Dostluq qrupunun rəhbəri parlamentlərarası əlaqələr üzrə dostluq
qrupları arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini,
qanunverici orqanlar arasında münasibətlərin bundan sonra daha da
inkişaf edəcəyinə inamını bildirib. Bu sahədə əlaqələrin
gücləndirilməsində, habelə informasiya və təcrübə mübadiləsi
baxımından parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin
əhəmiyyətli olduğunu vurğulayıb.
Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Arzu Nağıyev səmimi görüşə görə təşəkkürünü
bildirib. O, Gürcüstanın bizim üçün yaxın dost və müttəfiq
olduğunu, ölkələrimiz arasında əlaqələrin tarixi köklərə
söykəndiyini deyib, dövlətlərimizin strateji tərəfdaşlıq
münasibətlərindən bəhs edib.

Milli Məclisin deputatı bildirib ki, qanunverici orqanlarımız
dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər
iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir.
Bu qruplar arasında mütəmadi əlaqələrin qurulması qanun
yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından
önəmlidir. Qeyd edilib ki, postpandemiya dövründə nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da
güclənməsinə təkan verəcək. Bildirilib ki, hər iki ölkə
parlamentinin deputatları, eyni zamanda, mötəbər beynəlxalq
parlament qurumları çərçivəsində də səmərəli əməkdaşlıq edirlər,
bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Görüşdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Kəmaləddin
Qafarov, Cavid Osmanov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir
Rüstəmxanlı və Naqif Həmzəyev iştirak ediblər.

Teqlər: