Bu ilin iyulunda Rusiyanın vasitəçiliyi ilə yaradılmış Azərbaycan və Ermənistan ekspertinin “Sülh dialoqu” platforması çərçivəsində sentaybrın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Rusiyadan olan ekspertlərlə görüş keçirilib.
Bu barədə AzerTimes-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Görüşdə Rusiya tərəfdən Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu və Rusiya Beynəlxalq Əlaqələr Şurasının nümayəndələri iştirak ediblər. Azərbaycan tərəfdən görüşə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndələri və bir sıra yerli ekspertlər qatılıblar.
Tədbir iştirakçıları “Sülh dialoqu” təşəbbüsünün perspektivlərini və gələcək istiqamətlərini, ikitərəfli gündəliyi, regiondakı mövcud vəziyyəti müzakirə edib, həmçinin birgə fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildiriblər.
Görüşdə Azərbaycan, Ermənistan və Rusiya ekspertlərinin növbəti görüşünün payızda Moskvada keçirilməsi planlaşdırıldığı diqqətə çatdırılıb.