Azərbaycan və CAR siyasi məsləhətləşmə keçirdi

Azərbaycan və CAR siyasi məsləhətləşmə keçirdi

Azərbaycan və Cənubi Afrika Respublikasının (CAR) Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə AzerTimes-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, CAR tərəfindən isə xarici işlər nazirinin müavini Alvin Botes başçılıq edib.

Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov daha sonra CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə görüşüb. Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, regionda və dünyada baş verən hadisələr, mövcud çağırışlarla mübarizədə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycan və CAR-ın coğrafi cəhətdən bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib, münasibətlərin daha da inkişafı üçün səy göstərilməsinin vacibliyini diqqətə çatdırıb. İkitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Azərbaycan tərəfindən QH çərçivəsində irəli sürülən təşəbbüslərə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə edilib. C.Bayramov həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində bölgədə yaranan yeni reallıqlar, Azərbaycanın sülh səyləri, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırıb.

A.Botes Bakıda Azərbaycan və CAR XİN-ləri arasında keçirilən siyasi məsləhətləşmələr haqqında ətraflı məlumat verib. Azərbaycanın çox çətin bir dövrdə QH-nın sədri qismində Hərəkatın rolunun artırılması üçün fəaliyyət göstərdiyini qeyd edən qarşı tərəf, xüsusilə pandemiya dövründə inkişaf etməkdə olan ölkələrə, o cümlədən Afrika qitəsində yerləşən dövlətlərə göstərilən yardımları minnətdarlıqla xatırlayıb.nazir müavini CAR-ın Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirib. Bu xüsusda, iqtisadi əlaqələrin inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. A.Botes, mövcud çağırışlar və təhdidlər ilə mübarizədə beynəlxalq təşkilatların faəliyyətinin səmərəliliyin artırılması üçün birgə fəaliyyətin, o cümlədən Cənub-Cənub əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Teqlər: