Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Birləşmiş Krallığın Müdafiə Nazirliyində silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi ilə görüşündə iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi müzakirə olunub.
Azərbaycanın Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq müzakirə edilib.
Ölkələr arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə hazırki regional vəziyyət əsas müzakirə mövzusu olub.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə normallaşma gündəliyi haqqında qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh sazişinin imzalanması prosesində yaratdığı maneələr və Azərbaycanın bu prosesin irəlilədilməsi üçün atdığı addımlardan söz açılıb.
Bundan əlavə nazir Ceyhun Bayramov Azərbaycan Respublikası tərəfindən 24 saatdan az müddətdə keçirilən anti-terror tədbirlərini səciyyələndirən amillər barədə həmsöhbətini məlumatlandırıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.