Azərbaycan və Bolqarıstan XİN başçılarının görüşü olub (FOTO)

31 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramovun Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində
bolqar xarici işlər naziri Teodora Gençovskaya ilə görüş
keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən
AzerTimes-a verilən məlumata görə, iki ölkənin xarici işlər nazirləri
arasında təkbətək başlanan görüş, daha sonra hər iki tərəfdən
nümayəndə heyətlərinin iştirakı ilə strateji dialoq görüşü ilə
davam edib.

Nazir Teodora Gençovskaya azərbaycanlı həmkarını səmimiyyətlə
salamlayıb və iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümünün qeyd olunacağı ərəfədə reallaşan
səfərin əhəmiyyətini vurğulayıb. O, ölkələr arasında son 30 il
ərzində bir sıra sahələrdə, o cümlədən enerji, nəqliyyat və
bağlantı, turizm və digər sahələrdə əməkdaşlığın inkişafını
məmnunluqla vurğulayıb.

Nazir Ceyhun Bayramov həmkarına dəvətə görə təşəkkürünü ifadə
edib və ölkələrimiz arasında 2-ci strateji dialoq görüşünün,
diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunacağı ərəfədə
keçirilməsinin eyni zamanda rəmzi xarakter daşıdığını qeyd edib.
Nazir iki ölkə arasında münasibətlərin beynəlxalq hüquq
prinsiplərinə hörmət və qarşılıqlı anlaşma ruhunda inkişaf etdiyini
bildirib. O, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi
dialoqun, iqtisadi sahədə də müsbət artım dinamikası ilə müşayiət
olunduğunu bildirib.

Nazirlər ölkələrimiz arasında iqtisadi əlaqələrin özəyini təşkil
edən enerji sektoru, habelə nəqliyyat, informasiya və kommunikasiya
texnologiyaları, kənd təsərrüfatı, turizm, humanitat və digər
sahələrdə əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.
Cari il ərzində keçirilməsi planlaşdırılan Azərbaycan Respublikası
ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və
elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti
iclasının ikitərəfli əməkdaşlığın genişləndirilməsinə müsbət töhfə
verəcəyindən əminlik ifadə edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə mərhələsində
bölgədə mövcud olan vəziyyət, Azərbaycan ərazilərinin 30 ilə yaxın
davam edən işğalının ağır nəticələrinin aradan qaldırılması üçün
görülən işlər, o cümlədən azad olunan ərazilərdə minaların
təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistan və
Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində
atılan addımlar və bölgədə sülh və tərəqqinin təmin edilməsi ilə
bağlı Azərbaycanın mövqeyi barədə məlumatlandırıb.

Nazir Teodora Gençovska Bolqarıstanın Azərbaycan hökumətinin
həyata keçirdiyi minalardan təmizləmə prosesinə töhfə verməyə hazır
olduğunu ifadə edib.

Tərəflər ikitərəfli müstəvi ilə yanaşı, qlobal və regional
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini
müzakirə ediblər.

Görüşdən sonra nazirlər iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə
tanış olub və mətbuat qarşısında bəyanatlarla çıxış ediblər.

Teqlər: