Azərbaycan və ATƏT-ə üzv 10 dövlət nasistlərin qəhrəmanlaşdırılmasının qarşısını almağa çağırıblar.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistaın ATƏT-dəki daimi nümayəndələrinin İkinci Dünya Müharibəsində Qələbənin 76 illiyi münasibətilə birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Nasizm və faşizmlə mübarizədə ölənlərin şərəfinə hərbi qəbiristanlıqlara, xatirə komplekslərinə, abidələrə və obelisklərə qayğı ilə yanaşmağa çağırırıq. Bu cür xatirə obyektlərinə qarşı vandalizmin bəhanəsi yoxdur. Xalqlarımızın yaddaşında və arxiv sənədlərində saxlanılan həmin hadisələr haqqında tarixi həqiqəti qorumaq və qətiyyətlə müdafiə etmək müqəddəs borcumuzdur. II Dünya Müharibəsi tarixinin, onun səbəblərinin və nəticələrinin saxtalaşdırılması nasizmə qarşı mübarizə aparanların və qurbanlarının xatirəsini təhqir edir və müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və sarsılmasına kömək edir”.
11 ölkənin nümayəndələri nasist hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının üzvlərinin qəhrəmanlaşdırılmasının, o cümlədən nasist keçmişini şöhrətləndirmək üçün abidələrin və memorialların ucaldılması, kütləvi nümayişlərin keçirilməsinin, anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların milli azadlıq hərəkatlarının iştirakçısı elan edilməsinin, habelə onların qəhrəmanlaşdırılması məqsədilə küçələrin adlarının dəyişdirilməsinin qəbuledilməz olduğunu vurğulayıblar:
“Azad, demokratik, ortaq və bölünməz Avrasiya və Avroatlantik təhlükəsizlik cəmiyyəti ideyasına sadiq olduğumuzu təsdiqləyirik. Beynəlxalq təhlükəsizlik və etimad sistemini gücləndirmək məqsədilə bərabərlik və qarşılıqlı hörmətə əsaslanan hərtərəfli dialoqun tərəfdarıyıq”.