Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib

Noyabrın 26-da Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib.

Tədbirdə federasiyanın baş katibi, icraçı derektoru və mətbuat katibinin, o cümlədən də üzgüçülük və su polosu üzrə milli komandalarının baş məşqçilərinin seçki yolu ilə təyin olunmaları, həmçinin qarşıda duran cari məsələr müzakirə olunub.

Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev öz bacarığı və çalışqanlığı ilə seçilən, əvvəlki illərdə federasiyanın fəaliyyətinə öz töhfəsini vermiş Fərid Bənəyarlının namizədliyini irəli sürdü və təklif icrayyə komitəsinin üzvləri tərəfindən yetkinliklə dəstəkləndi. Komitə üzvləri federasiyanın texniki direktoru Kamran Hüseynovun, mətbuat katibi olaraq Məqsəd Rəhimovun, Üzgüçülük üzrə Milli Komandanın baş məşqçi olaraq Rəşad Əbdürrəhmanovun, Su polosu üzrə komandanın baş məşqçisi olaraq Azər Babayevin namizədliyini təqsiqlədilər.

Yığıncağın ikinci hissəsində komitə üzvləri federasiyanın fəaliyyətinin daha səmərəli artırılması üçün tədbirlər planını müzakirə etdilər. Qərara alındı ki, icraiyyə komitəsi görülən işlərin müzakirəsi və gələcək perspektivləri müəyyən etmək məqsədilə rübdə bir dəfə geniş tərkibdə görüşlər keçirsin.

Federasiyanın Prezidenti Xanlar Fətiyev qeyd etdi ki, ötən illər ərzində görülən işlər qənaətbəxş hesab olunsa da qarşıdaki illərdə federasiyaya daxil olan su idman növlərinin hər birində böyük inkişafa nail olmaq ən vacib məqsədləridir:

“Biz federasiya olaraq Azərbaycanda su idman növlərinə kütləviliyin artırılması, daha da peşəkar idmançıların yerlərdə aşkar edilərək onların milli komandalar üçün yetişdirilməsini əsas prioritet hesab edirik. Əsas məqsədimiz regionlarda su idman növlərinə olan marağı artırmaqdır. Bunun üçün tək Bakı, ətraf şəhər və rayonlar deyil, digər bölgələrdə də su idmanı növlərinin inkişafına nail olmaq istəyirik” deyə Xanlar Fətiyev əlavə edib.

Sonra çıxış edən federasiyanın vitse prezidenti, Su İdman Sarayının direktoru Elçin Həsənov qurumun fəaliyyətinin daha da genişləndirilməsi üçün bütün aidiyyatı qurumların birgə əməkdaşlığının vacibliyindən danışdı.

İcrayyə komitəsinin üzvü, əməkdar idman xadimi Şamil Əbdürəhmanov bildirdi ki, Azərbaycan Üzgüçülük tarixində çox vacib addımlar atılıb. Belə ki, son illər federasiyanın dəstəyi və köməkliyi ilə yetişdirilən yerli üzgüçülər beynəlxalq yarışlarda ölkəmizi təmsil edir və yaxşı nəticələr göstərirlər.

“Son illər üzgüçülük federasında çox böyük işlər görülüb. Artıq çox yaxşı bazamız var. Burada idmançıların tam yetişdirilib, puxtələşməsi üçün lazımi şəraitlər yaradılıb. Əl-ələ verib Azərbaycanda su idman növlərinin səviyyəsini tam beynəlxalq səviyyəyə çatdırmaq üçün çalışmalıyıq” deyə Şamil Əbdürəhmanov əlavə edib.

Yeni vəzifəyə təyin olunanlar onlara göstərilən etimada görə öz minnətdarlıqlarını bildirdilər və öz əməli fəaliyyətləri ilə tam güclərilə çalışacaqlarına söz verdilər.
Sonda yaxın vaxtlarda keçiriləcək yarışlar, komandaların hazırlıq prosesləri və digər texniki məsələlər müzakirə olundu.

Teqlər: