Azərbaycan universitetləri dünyada ən geniş istifadə edilən dərsliklərdən birbaşa istifadə imkanı əldə edib

Bu gün bp beynəlxalq universitetlərdə geniş istifadə edilən yeddi dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib. Bu, Azərbaycan dilinə tərcümə edilmiş və təxminən 17000 tələbənin faydalanması üçün yerli universitetlərə təqdim olunmuş əvvəlki altı dərsliyə əlavədir.

Bu həmçinin yerli universitetlərin zəngin beynəlxalq bilik və təhsil təcrübələrinə birbaşa çıxış əldə etməsinə kömək etmək üçün Azərbaycana ən yaxşı beynəlxalq tədris vəsaitlərinin gətirilməsinə yönəlmiş bp-nin böyük təhsil layihəsinin bir hissəsidir.

Layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş 13 dərsliyin hamısı yerli universitetlərdən və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilmişdir. Bu kitablar dünyada ən geniş istifadə olunan dərsliklər arasındadır və bir çox aparıcı beynəlxalq universitetlər tərəfindən icbari tədris vəsaitlərinin siyahısına daxildir.

Yeni yeddi kitabın ictimaiyyətə təqdimatı münasibətilə keçirilən tədbirdə çıxış edən bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Biz çox şadıq ki, dünyanın ən yaxşı üç iqtisadiyyat kitabının Azərbaycan dilində nəşr edilməsinin ardınca yerli universitetlərə vəd etdiyimiz növbəti 10 kitabın da Azərbaycan dilinə tərcüməsi başa çatıb. Ümumilikdə Azərbaycana gətirdiyimiz 13 beynəlxalq kitab təxminən 7038 səhifəlik tədris materialı təşkil edir və bundan Bakıda və digər bölgələrdə yerləşən 32 yerli universitetin təxminən 17000 tələbəsi faydalanacaq. Düşünürük ki, bu, yerli universitetlərin öz tədris və təlim təcrübələrini təkmilləşdirmək və modernləşdirmək və ümumilikdə təhsilin keyfiyyətini artırmaq istiqamətindəki səylərinə böyük töhfə olacaq.”

Yeni təqdim edilmiş yeddi kitabın siyahısına bunlar daxildir: İnsan resurslarının idarə edilməsi: Məhsuldarlıq, iş həyatının keyfiyyəti, mənfəət (müəllif: Ueyn F. Kassio); Kütləvi kommunikasiya mediası (müəllif: Con Vivian); Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı (müəllif: Frederik S.Mişkin); Marketinqin prinsipləri (müəllif: Filip T. Kotler); Əməliyyatların idarə edilməsi prinsipləri: Dayanıqlı inkişaf və təchizat zəncirinin idarə edilməsi (müəlliflər: Cey Heyzer və Barri Render); Sosial Elmlərdə Keyfiyyət Tədqiqat Metodları (müəllif: Hovard Lune); Sosial işdə etik prinsiplər və dəyərlər: Hərtərəfli tədris planına kompleks yanaşma (müəllif: Allan Barski).

bp-nin maliyyələşdirdiyi bütün dərsliklərin tam siyahısı və onların hər biri haqqında daha ətraflı məlumat bu press-relizin əlavəsində təqdim edilib.

Bu kitablar bp-nin yerli universitetlərə hədiyyəsidir. Onlar həmçinin yerli kitabxanalar və əlaqədar ali təhsil müəssisələri vasitəsilə bütün maraqlı şəxslərin istifadəsinə açıq olacaq.

13 kitabın tərcümə və çap işlərinin ümumi dəyəri 1 milyon 61445 AZN-dir.

bp şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, bp öz tərəfdaşları ilə birlikdə ölkədə operatorluq etdiyi layihələrə 78,5 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialı, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

2020-ci ildə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 milyon ABŞ dolları vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə bp ölkədə müxtəlif sosial və sonsorluq layihələri çərçivəsində 4,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Azərbaycanda bp şirkətində 2400 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Teqlər: