Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib (FOTO)

17 noyabr 2021-ci il tarixində YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü.

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan Respublikası 143 səs toplayaraq Şuraya üzv seçilib.

Ölkəmizin namizədliyinin yüksək sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahəsinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir.

YUNESKO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə YUNESKO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəkdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün YUNESKO üzv dövlətlərinə öz minnətdarlığını bildirir.

Teqlər: