Azərbaycanın lokal antiterror tədbirlərinin ikinci günü “Əsrin Müqaviləsi”nin imzalanmasının 29-cu il dönümünə təsadüf edir. “Əsrin Müqaviləsi”nin imzalanması Birinci Qarabağ müharibəsindəki atəşkəsdən qısa müddət sonra reallaşdı. Ozamankı müharibədə torpaqlarının bir hissəsini itirmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, iqtisadiyyatı tənəzzül keçirən Azərbaycan 1994-cü il sentyabrın 20-də sonradan regionun iqtisadi xəritəsini dəyişəcək bir sənədə imza atdı.
AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
“SOCAR və dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti ilə birlikdə yaradılan konsorsium Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsinə start verdi. Bu, ilkin mərhələdə enerji sektoruna 20 milyard dollar sərmayə cəlbi demək idi. Elə çətin vəziyyətdə “Əsrin Müqaviləsi” kimi tarixə düşən anlaşmanın imzalanması birbaşa Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Bu, nəinki Azərbaycan iqtisadiyyatı, həmçinin, ordu quruculuğu üçün də yeni mərhələ idi. “Əsrin Müqaviləsi” hərbi gücümüzün artırılması, hərbiçilərimizin maddi-sosial təminatının güclənməsi üçün ciddi maliyyə bazası formalaşdırdı. Bu da Azərbaycanı Zəfərə gətirib çıxartdı”, – V.Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, məhz “Əsrin Müqaviləsi” 1994-cü ildə ümumi daxili məhsulunun həcmi 374 milyon manat olan Azərbaycanın inkişaf trayektoriyasını müəyyənləşdirdi:
“Fiskal gəlirlərimizin artması hərbi sahənin inkişafını stimullaşdırdı. 2023-cü ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 54 milyona çatdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyada milli təhlükəsizliyin daha da güclənməsi prioritet xətlərdən birinə çevrilmişdir. Məhz 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə müəyyənləşdirilən strateji xətt hərbi potensialımızın artmasına xüsusi imkan yaratdı. Artıq Azərbaycan müasir texnikalı güclü orduya malikdir. Qalib ölkəyə çevrilmiş Azərbaycan bu gün separatçılara qarşı uğurla antiterror tədbirləri aparır”.