Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və
heç zaman da olmayacaq. Çünki bu, sadəcə ortaq dil, tarix və
mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın
tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun
gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir. Bu
baxımdan, mənə görə, Azərbaycan-Türkiyə münasibətlərinin bağları
sadəcə daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox
qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi
keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində,
əməllərində büruzə verməsidir.
Bunu AzerTimes-a
siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, məhz bu səbəbdən də Azərbaycan Prezidentinin
qardaş ölkəyə səfərinin, qarşılıqlı münasibətlərin ən yüksək
səviyyədə olmasına baxmayaraq, mühüm əhəmiyyət kəsb edəcəyi və
dünyanın diqqət mərkəzində olacağı gözlənilən idi.
“Dövlətimizin başçıları arasında keçirilən görüşün 4 saatdan çox
çəkməsi, müzakirə olunan məsələlərin siyahısı birlikdə getdiyimiz
və gedəcəyimiz yolun ən önəmli mərhələsində olduğumuzu bir daha
təsdiqləyir.
Azərbaycan və Türkiyənin birlikdə həyata keçirdiyi və
keçirilməsi nəzərdə tutulan layihələr, yalnız bu iki qardaş ölkə
üçün deyil, daha geniş bir ərazi, ortaq dəyər və talelərin
birləşdirdiyi xalqların da yer aldığı nəhəng subregionu əhatə
edir”, – deyə siyasi şərhçi bildirib.
O qeyd edib ki, təkcə Türk Dünyasının deyil, bizimlə tarix boyu
eyni coğrafiyada yaşayan dost xalqların da təhlükəsiz gələcəyi
Azərbaycanla Türkiyənin müəyyənləşdirdiyi strateji hədəflərdən, yol
xəritələrindən keçir.
“Düşünürəm ki, Prezident İlham Əliyevin səfəri və qardaş ölkənin
ölkəmizə gözlənilən səfəri aralığındakı məsafədə iki ölkənin
strateji hədəflərinə doğru mühüm addımlar atılacaq və Rəcəb Tayyib
Ərdoğanın Azərbaycana növbəti gəlişində daha bir tarixi hadisənin
şahidi ola biləcəyik”, – deyə E.Mirzəbəyli əlavə edib.