Azərbaycanla Türkiyə arasında bütün sahələri əhatə edən münasibətlər qardaşlıq prinsipləri əsasında sağlam və sarsılmaz təməl üzərində yüksələn xətlə inkişaf etməkdədir. Siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə uğurla davam edən əməkdaşlığımız ən yüksək səviyyədədir. Dünya dövlətləri arasında heç bir ikitərəfli münasibət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olsun. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər qarşılıqlı bağlara malik olmağımız bu münasibətləri daha da qırılmaz edir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi bütün məsələlərdə hər iki qardaş dövlət biri-birinin yanında olub, istənilən beynəlxalq müstəvidə vahid maraqdan çıxış ediblər. Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları bu münasibətlərin xarakterini və mahiyyətini açıq-aydın ortaya qoyur.
Bu fikirləri AzerTimes-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Prezident İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri, rəsmi yazışmaları, səsləndirdikləri bəyanatlar, həyata keçirdiklər siyasi-iqtisadi layihələr münasibətlərimizin ən yaxşı səviyyədə bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, STAR neft emalı zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi iri enerji layihələri də birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza mühüm töhfə olub. Münasibətlərimizdə iqtisadi əlaqələrin mühüm əhəmiyyəti var. Statistika göstərir ki, Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkə Türkiyədir. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib. Bu iqtisadi tərəfdaşlıq istər ölkə miqyasında, istərsə də region miqyasında hər iki dövlətin nüfuzunun və iqtisadi gücünün artmasında əhəmiyyətli rol oynayır”, – AHİK sədri bildirib.
S.Möhbalıyevin sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə bütün mənəvi və diplomatik imkanları ilə ölkəmizin yanında oldu: “Cənab Prezident Rəcəb Tayyib Ərdoğan, digər dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Vətən müharibəsi dövründə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dövlət rəsmiləri dəfələrlə ölkəmizə səfərlər edərək hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan etməklə bizə dəstək olurdular. Zəfər Paradında cənab Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin iştirakı qardaş münasibətlərimizi bir daha ortaya qoymuş oldu”.
“Hər iki ölkənin hakim partiyaları – Ədalət və İnkişaf Partiyası (AKP) ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu münasibətlərimizdə müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Geniş sosial bazaya malik hər iki partiya dövlətlərimizin güclənməsində, əlaqələrimizin bu səviyyəyə gəlib çıxmasında böyük xidmətlər göstəriblər. İnanırıq ki, bu əməkdaşlıq milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına bundan sonra da uğurla xidmət edəcək”, – deputat əlavə edib.