Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb.
Bunu AzerTimes-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu, artıq yalnız əməkdaşlıq deyil, həm də birgə fəaliyyətdir: “Bu baxımdan, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi olduqca böyük əhəmiyyət kəsb edir.
Məlumat üçün qeyd etməliyik ki, bu Protokol 19 fevral 2021-ci ildə Ankara şəhərində imzalanmışdır. Qanun layihəsi Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə, möhkəmlənməsinə və ölkəmizdə yeni peşə təhsili sisteminin inkişafına xidmət edir.
Qanun layihəsində Azərbaycan Respublikasında olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsinin yaradılması və peşə hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.
Ən müasir tələblərə uyğun yenidən qurulacaq bu peşə təhsili müəssisələrində peşə təhsili veriləcək sahələr informasiya texnologiyaları, qalma və səyahət xidmətləri, mebel və interyer dizayn, moda dizayn texnologiyaları, qida və içki xidmətləri sahələridir. Göründüyü kimi ən çox ehtiyac duyulan sahələr üzrə mütəxəssis hazırlığı nəzərdə tutulur. Tərəflərin razılığı ilə bu sahələrdə dəyişikliklər edilə bilər.
15 maddədən ibarət Protokolda peşə təhsili müəssisəsinə qəbul, peşə təhsili müəssisəsinin hüquqi statusu, təhsil sənədləri, kadr heyəti, tərəflərin öhdəlikləri və digər məsələlər öz əksini tapıbdır. Protokol 5 il müddətinə bağlanıb və tərəflərdən biri bu Protokolun müddətinin bitməsinə ən azı 6 ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsi ilə yazılı bildiriş göndərmədiyi halda, avtomatik növbəti 5 illik müddətə uzadılır.
Qanun layihəsində öz əksini tapmış bir neçə məsələyə xüsusi diqqət yetirmək istərdik. Protokola görə, peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbyacan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiklərinə uyğun olaraq iki diplom veriləcəkdir. Tərəflər bu peşə təhsili müəssisələri tərəfindən verilən diplom, transkript, sertifikat və digər sənədləri qarşılıqlı olaraq tanıyacaqlar. Başqa sözlə, verilən diplomlar əlavə tanınma prosedurunun təsiri altına düşmür və məzunlar hər iki ölkədə peşə fəaliyyəti ilə məşğul olmaq üçün sərbəst olaraq əmək bazarına daxil ola biləcəklər. Bu, olduqca mütərəqqi bir addımdır və gələcəkdə ortaq diplomların da verilməsinə üçün imkanlar yaradır”.
Komitə sədri vurğulayıb ki, digər mühüm məqam ondan ibarətdir ki, qardaş Türkiyə Respublikası yenidən qurulacaq və Azərbaycan Respublikasının mülkiyyətində olacaq peşə təhsili müəssisələrinin emalatxana və laboratoriya təhcizatını təmannasız tam həyata keçirəcəkdir. Eyni zamanda, Türk rəhbər işçi və müəllimlərin əməhaqqı Türkiyə tərəfindən ödəniləcəkdir. Azərbaycan tərəfdən olan işçilərin əməkhaqqı isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödəniləcəkdir.
Azərbaycan tərəfindən müəyyən edilərək ən müasir tələblərə uyğun təmir ediləcək peşə təhsili müəssisələrinin binaları ilə yanaşı tələbə oğlan və qızlar üçün gələcəkdə genişləndirmək imkanları nəzərə alınmaqla 100 nəfərlik yataqxana da inşa ediləcəkdir. Bir sözlə, ən müasir peşə təhsili kompleksi yaradılacaqdır.
Hesab edirik ki, qardaş Türkiyə Respublikası ilə birgə fəaliyyət nəticəsində peşə təhsili sahəsində qısa müddət ərzində böyük uğurlar əldə ediləcəkdir.
Xüsusilə qeyd etmək istərdik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin erməni-faşist işğalçılarından azad etdiyi Qarabağ, qəbilə-tayfa səviyəsində olan erməni barbarları tərəfindən dağıdılmış şəhərlərimiz, kəndələrimiz, tarixi abidələrimiz, yollarımız, bir sözlə, hər şey yenidən qurulur. Cənab Prezident İlham Əliyev 28 may 2021-ci ildə azad edilmiş Ağdam şəhərinin Baş Planını təsdiq etdi və “ağıllı şəhər” konsepsiyası modelinə uyğun olaraq yeni Ağdam şəhərinin bönövrəsini qoydu. Və bəyan etdi ki, Qarabağı cənnətə döndərəcəyik! “Əsrin heyrətamiz tikintisi” kimi tarixə daxil olacaq bu genişmiqyaslı nəhəng quruculuq işlərinin qısa müddətdə və yüksək peşəkarlıqla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun həyata keçirilməsi və xidmət sahələrinin təşkili yüksək peşəkarlığa malik ixtisaslı işçilərə ehtiyacı artırır. Yeni yaradılacaq müasir peşə təhsili müəssisələrində təhsilini başa vuran gənclərimiz də böyük iftixar və qürurla Türkiyə şirkətləri ilə birlikdə “Əsrin tikintisində” fəal iştirak edəcəklər.
Bu, həm də sarsılmaz Azərbaycan-Türkiyə birliyinin azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuğa böyük töhfəsi olacaqdır. 44 günlük Vətən savaşında Azərbaycanın yanında yer alan, bu qələbənin qazanılması üçün verdiyi mənəvi və siyasi dəstəklə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın yenidən bərpasına da, təhsilimizin inkişafına da öz qardaş dəstəyini Türkiyə dövləti böyük sevgi ilə gerçəkləşdirir.
Bütün bunlar bir daha onu göstərir ki, bu gün Azərbaycan-Türkiyə arasında münasibətlərin davamlı inkişafı bir çox sahələrdə artıq əməkdaşlıq səviyyəsindən birgə fəaliyyət səviyyəsinə yüksəlibdir. Bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlığının sayəsində əldə edilmişdir.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Sarsılmaz Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və tərəqqinin əsas təminatçısıdır.
Hesab edirik ki, bu birgə fəaliyyət olduqca əhəmiyyətlidir və peşə təhsili veriləcək sahələr də, peşə təhsili müəssisələrinin sayı da gələcəkdə artırılacaq və Qarabağda, o cümlədən Ağdam şəhərində də belə təhsil müəssisələri yaradılacaqdır”.