Azərbaycan Türkiyə Konstitusiya Məhkəməsinin yubiley mərasimində təmsil olunub

Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı
ildönümü qeyd edilir.

Trend xəbər
verir ki, yubiley tədbirində Azərbaycanı Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil
edir.

Əlamətdar tarixlə əlaqədar Ankarada “Əsas hüquq və azadlıqların
müdafiəsində Konstitusiyanın şərhi” mövzusunda beynəlxalq simpozium
işə başlayıb.

Tədbirə qatılan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə
Konstitusiya Məhkəməsinin tarixini əks etdirən qalereyanın rəmzi
açılışını bildirən qırmızı lenti kəsib.

İki gün davam edəcək konfransda Azərbaycan da daxil olmaqla, 26
ölkənin Konstitusiya məhkəmələrinin sədrləri və üzvləri, nüfuzlu
beynəlxalq qurumların rəhbərləri iştirak edirlər.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan rəhbərlik
etdiyi qurumun keçdiyi yol və əsas fəaliyyət istiqamətləri haqqında
ətraflı məlumat verib.

Simpoziumda çıxış edən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Konstitusiya
Məhkəməsini dünyada bu sahədə fəaliyyət göstərən ən köklü, əsaslı
dəyərlərə sahib olan qurumlardan biri kimi səciyyələndirib.

Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin fəaliyyəti haqqında ətraflı məlumat verib, simpoziumun
beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətini yüksək
qiymətləndirib.

Yubiley mərasiminin açılışında Azərbaycanın Türkiyədəki səfiri
Rəşad Məmmədov da iştirak edib.

Simpozium işini aprelin 26-da davam etdirəcək.

Teqlər: